ABŞ Suriyanı vurmaq qərarı verdi

18 Avqust 2012 10:23 (UTC+04:00)


ABŞ Suriyanı vurmağa hazırlaşır. Buna səbəb Suriya probleminin danışıqlar yolu ilə həllinə azalan ümidlərdir. AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, artıq bu məqsədlə Çexiya respublikasının kimyəvi silahlardan qorunma üzrə hərbi təyinatlı qurumu işə cəlb olunub. Bu barədə məlumat Çexiya radiostansiyalarında etibarlı mənbələrə istinadən tez-tez səsləndirilməkdədir.

Mənbənin məlumatında qeyd edilir ki, ABŞ Əsəd rejiminin devrilməsindən sonra kimyəvi silahların terorçuların əlinə keçə biləcəyindən ehtiyatlanır. Məhz bu səbəbdən ABŞ müttəfiqləri ilə bu istiqamətdə məsləhətləşmələrə başlayıb. Hətta çexiyadakı mənbə qeyd edir ki, 31 nəfərdən ibarət kimyəvi silahların araşdırılması üzrə mütəxəssis Suriyaya göndərilə bilər.

Çexiya hökuməti isə məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina etməklə yanaşı mövzunun üzərindən sükutla keçir.
Qeyd edək ki, çexiyalı mütəxəssislər İrakda da ABŞ-lı həmkarlarına yardımçı olmuş, kimyəvi silah axtarışında iştirak etmişdilər.

Sadiq
AzNews.az