Siyavuş Novruzov: “Müxalifət əlavə nə məlumat istəyir ki?”

28 Yanvar 2014 10:07 (UTC+04:00)
"Dağlıq Qarabağla bağlı aparılan danışıqlara dair müxalifətin məlumatlandırılması mənasız söhbətdir".


Bunu AzNews.az-a açıqlmasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, prezident hansısa bir siyasi partiyaya, yaxud da quruma aparılan danışıqlarla bağlı hesabat verməli deyil: "Hesabat Azərbaycan xalqı qarşısında verilir. Ölkə başçısı tərəfindən də mütəmadi olaraq danışıqların gedişinə dair xalqa məlumat çatdırılır. Hər dəfə qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Bunun üçün başqa variant da ola bilməz".

S. Novruzov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılan danışıqlarda hər hansısa digər məsələlərlə bağlı söhbət gedə bilməz: "Bütün bunlardan sonra müxalifət əlavə nə məlumat istəyir ki?".

Amid Əyyuboğlu
AzNews.az