Alaçiy ətdən, eşşək ətindən hazırlanan dönərlər - Reportaj-Fotolar

18 Avqust 2012 12:09 (UTC+04:00)
"Qarın qardaşdan irəlidir"- deyiblər. Ancaq qarının sağlamlığımızdan irəli olduğu vaxtlar da olur, həm də çox. Belə ki, evdən kənar bir yerdə acdıqmı, köməyə təcili olaraq əsasən yol kənarlarında satılan dönər, "peraşki", qutab və digər ayaqüstü yeməklər çatır. Bu qarındoyuran məhsulların mənşəyi - at, it, eşşək ətindən hazırlanması ehtimalı bir yana, gigiyenik normalara cavab verib-verməməsindən belə xəbərsizik. Əslində, bir çox hallarda xəbərdarıq. Çünki görülən kəndə nə bələdçi? Ancaq göz özündə olanlar da insanları bu qidalardan uzaq tuta bilmir, onlar üçün bunun bir fərqi olmur.

Yenə də alıcılar əsasən yol kənarında satılan müxtəlif növ dönərlərə üstünlük verir. Bir az qəribə səslənsə də, orqanizmin bilavasitə düşməni olan qeyri-gigiyenik yerlərdə satılan bu ayaqüstü, yarıçiy yeməklər məhz kasıb təbəqə - "fəhlə babalar" üçün hesablanır. Və düşünülür ki, onlar üçün hazırlanan bu yeməklərin nə hansı ətdən, nə də gigiyenik qaydalara cavab verərək hazırlanması elə də vacib deyil. Bəyənmir, getsin bahalı, təmiz yerlərdə yesin... Belə yerdə deyərlər, canın çıxsın, ay kasıb... Alaçiy əti də ye, hələ bir eşşək ətindən hazırlanan dönəri də, qutabı da... Hələ onu demirik ki, küçələrin toz-torpağı, maşınların tüstüsü bütün gün ərzində üstü açıq qalan dönərə hopmaqla onu orqanizm üçün daha qorxulu hala gətirir. Onların hazırlandığı iyrənc məkanlar da bir ayrı dərd...

Ancaq dönər satanları dilləndirəndə olurlar "süddən çıxmış ağ qaşıq". Elə biz də isti hava şəraitinin belə qidalar üçün daha bir təhlükə yaratdığı vaxtda çıxdıq dönər satılan məkanları görüb çəkməyə. Gəlin gördüklərimizdən də sizləri agah edək. Bəlkə, bir daha bu iyrəncliyi görmək sağlamlığımızı qarın doydurmaqdan vacib etdi?! Beləliklə, dolaşdığımız yerlərdə rastımıza çıxan dönərxanalara bir-bir daxil olub çəkmək istədik. Ancaq bunu bacarmaq heç də asan başa gəlmədi. Satıcılardan bir nəfər belə buna razılıq vermədi. Hamısı "Olmaz, çəkməyin" dedi. Niyəsini soruşanda isə nəinki səbəb izah etdilər, səslərini ucaldaraq bizi borclu çıxarmağa çalışdılar: "Bizim nəyimizi çəkirsiz? Biz təmiz işləyirik, hər şeyimiz göz qabağındadır". "Çalışdılar" deməyimiz heç də sözgəlişi deyil. Elə yerlər vardı ki, satıcı "qoy müdiri çağıraq" dedi, gözlədik. "Müdir" gəldi, o da "Qoy müdir gəlsin, icazə versin, sonra" dedi. Yenə də gözlədik...Axırda gələn şəxs isə ancaq əl-qol atması ilə seçilirdi. Müdirlik buna deyirlər, yəqin... Elə göz qabağında olan da o idi ki, salafan torbalarda üst-üstə yığılan doğranmış pomidor-xiyarları çəkiliş görən kimi soyuducuya yığmağa başladılar. Tələsik dönərin, çörəyin ətrafındakı çirkli şeyləri topladılar. Qısası, özlərini doğru çıxarmaq üçün əllərindən gələni əsirgəmədilər.

Çəkilişə də ancaq "Sizin işiniz belə təmizdirsə, axı niyə çəkməyə qoymursuz? Hər halda icazə verməməyiniz ancaq sizin əleyhinizə ola bilər..." deyəndən sonra qorxudan, biclikdən və ya sadəlövhlükdən sonda "çəkin daaa" deyirdilər.
Xülasə, gördüyümüz dönərxanaların heç birində vəziyyət ürəkaçan deyildi. Hər beş addımdan bir yerləşən dönərxanalarda antisanitariya baş alıb gedir. Bizdən çəkib göstərmək, sizdən də nəticə çıxarmaq...

Sevinc Fədai
AzNews.az