Tovuzda tutulan erməni kəşfiyyat-diversiya qrupunun bələdçisi olub

28 Yanvar 2014 18:58 (UTC+04:00)
"Geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib"

Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.



AzNews.az