Fuad Qəhrəmanlı: “Müsavatın mövqeyi AXCP-ni maraqlandırmır”

29 Yanvar 2014 14:20 (UTC+04:00)

"AXCP üçün Milli Şuradan çıxanlarla bağlı məsələ önəm daşımır. Bu gün hakimiyyətin birbaşa və ya dolayısı ilə ətrafında olan siyasi partiyaların mövqeyi də AXCP-ni maraqlandırmır".


Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. F. Qəhrəmanlı "Milli Şura ətrafında baş verənlərdən sonra müxalifətin birlik modeli haqda tezislər nə qədər aktualdır" sualını cavablandırarkən bildirib ki, seçki ərəfəsində müxalifətin birlik cəhdləri uğurlu olub:

"Ölkədə hakimiyyət dəyişikliyinin olması təkcə müxalifət qüvvələrin birliyindən asılı məsələ deyil. Bunun çoxlu şərtləri var və o şərtlərdən biri də müxalifətin birliyidir. Müxalifət bu imkanlarını Milli Şura formatında şərtləndirdi. Hakimiyyət ilk dəfə olaraq seçki ərəfəsində çox çətin duruma düşdü. Bu da müxalifətin birliyinin nəticəsində reallaşdı və birlik olmadan, bunu qazanmaq olmazdı".

O əlavə edib ki, Milli Şura bu gün də müxalifətin birlik modeli olaraq qalır:

"Müxalifətin birliyi ideyası bu gün Milli Şura formatında əldə olunub. Çalışacağıq ki, Milli Şura təkcə müxalifətin birliyi formatı ilə məhdudlaşmasın, eyni zamanda cəmiyyətin fəallaşdırılması məsələsində də önə çıxsın. Cəmiyyətin fəallığı əsas olmayacaqsa, təbii ki, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olacaq. Ümid edirik ki, növbəti seçkilərə qədər cəmiyyətimizin siyasi fəallığı artacaq. Bu baxımdan birlik ideyası aktuallığını saxlayıb. Milli Şura formatı isə məhz bu birliyi ifadə edir".

"Müsavat Partiyası ilə yenidən bu və ya digər formatda əməkdaşlıq imkanları nə qədərdir" sualına cavabında isə F. Qəhrəmanlı deyib ki, təmsil etdiyi partiya açıq şəkildə öz mövqeyini ifadə edib: "AXCP üçün prioritet əməkdaşlıq formatı Milli Şura çərçivəsindədir".

Onun sözlərinə görə, müxalifətdə səmimi mövqedə olan qurumlar artıq Milli Şurada təmsil olunur. Bundan kənarda AXCP üçün hələ ki, əməkdaşlıq perspektivləri yoxdur:

"Çünki artıq ölkədə ikiqütblü sistem formalaşıb. Bir tərəfdə hakimiyyət, digər mövqedə isə hakimiyyətə müxalif olan qüvvələrdir ki, bu qurum da Milli Şuradır".


Əhməd
AzNews.az