Əli Həsənov: “Qarayaxma kampaniyası aparırlar”

29 Yanvar 2014 14:52 (UTC+04:00)
Freedom House" təşkilatı neçə illərdir, özünün və ona sifariş verən ayrı-ayrı qurumların və dairələrin subyektiv mülahizələrini reallıq, həqiqət kimi qələmə verməyə təşəbbüs göstərir. Təşkilat subyektiv mülahizələrlə Azərbaycana, dövlətin daxili siyasətinə, dövlət-vətəndaş münasibətlərinə, Azərbaycandakı siyasi plüralizm normalarına qarşı qarayaxma kampaniyası aparır və dünyanı aldatmağa cəhd edir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Freedom House"nin Azərbaycanda dövlət çevrilişi etmək təşəbbüsü haqqında mətbuatda yayılmış məlumata münasibəti ilə bağlı suala cavab olaraq, şöbə müdiri bildirib ki, heç bir qüvvə Azərbaycanda dövlət çevrilişi həyata keçirmək, yaxud bunu təşkil etmək gücündə deyil: "Nəinki "Freedom House", ümumiyyətlə dünyada bu gün Azərbaycanda dövlət çevrilişi həyata keçirəcək nə dövlət, nə də qeyri-dövlət qurumu yoxdur. Çünki Azərbaycan kifayət qədər sabit, özünü müdafiə etməyi bacaran, kənar müdaxilələrə qarşı güclü vətəndaş birliyinə malik olan bir dövlətdir. Ən əsası, dövlətin həyata keçirdiyi siyasi kurs birmənalı şəkildə vətəndaşlar, xalq tərəfindən dəstəklənir. Əlbəttə, bu tipli cəhdlər ola bilər, amma onların heç biri real nəticəsi olmayacaq".

AzNews.az