YAP-dan Müsavatın bəyanatına REAKSİYA

29 Yanvar 2014 15:31 (UTC+04:00)
"Müsavat Partiyası divident qazanmaq üçün Məhəmməd Əmin Rəsulzadənin adından istifadə etməsin. Müsavatın bəyanatının heç bir əsası yoxdur".


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Müsavat Partiyasının hakimiyyətin M.Ə. Rəsulzadənin yubiley tədbirinin keçirilməsi üçün yerlə təmin etməməsinə dair bəyanatına cavabında deyib.

O bildirib ki, Azərbaycan hökuməti zaman-zaman tarixi şəxsiyyətlərlə bağlı müxtəlif xarakterli sənədlər qəbul edib və bunu icra edib: "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, burada əməyi olan siyasi xadimlər haqqında, hökumət səviyyəsində tədbirlər reallaşdırılıb.

Məsələn, bu günə qədər Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və digərləri ilə bağlı mərasimlər keçirilib, o cümlədən onların adları əbədiləşdirilib. Heydər Əliyevin zamanında da bu istiqamətdə əhəmiyyətli qərarlar verilib və tədbirlər keçirilib.

Prezident İlham Əliyev də bununla bağlı müxtəlif fərman və sərəncamlar imzalayıb. Müsavat Partiyasının nümayəndələri isə medianı yaxşı izləmir".

M. Qurbanovlının fikrincə, bu şəxsiyyətlər xalqa məxsusdur və hansısa siyasi xəttə təşkilata bağlı deyillər: "Hazırkı Müsavat Partiyası tarixi Müsavat Partiyasının yalnız adından bəhrələnib. İndiki eyni adlı partiyanın nə ideoloji, nə də siyasi fəaliyyəti tarixi Müsavat Partiyasına bağlılığı yoxdur.

O ki, qaldı Müsavat Partiyasının Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbir keçirmək istəyinə, bu onun daxili işidir. Ölkədə çoxlu sayda tədbir keçirmək üçün yer var. Həmin məkanları icarəyə götürüb, orada tədbir keçirtmək olar. Partiyalar hər hansısa tədbiri dövlət proqramı ilə həyata keçirtmək istəyirsə, bu hökumətin məsuliyyəti deyil. Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirini keçirtmək istəyirsə və onuna böyük hörmət bəsləyirsə, zəhmət çəksin yer kirayələsin. Hər şeyi dövlətin üzərinə atmaq olmaz".

M.Qurbanlı bildirib ki, dövlət müxtəlif yerlərdə və ölkələrdə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbirlər keçirir və bu proses davam etdirilir. Qeyd edək ki, Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, M. Ə. Rəsulzadənin 130 illik yubiley tədbirinin keçirilməsi üçün paytaxtda toplantı zalının ayrılmasını istəyib. Paytaxt rəhbərliyinin ayırdığı yer isə partiyanı qane etməyib.

Amid Əyyuboğlu
AzNews.az