Qərbi Çıraq platformasından neft hasilatına başlanılıb

29 Yanvar 2014 16:02 (UTC+04:00)
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi çərçivəsində Qərbi Çıraq platformasından neft hasilatına başlanılıb.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru olan BP şirkətindən AzNews.az-a verilən məlumata görə, Qərbi Çıraq platformasından hasilatın başlanması ilə 2010-cu ildə sanksiya verilmiş Çıraq Neft Layihəsi (ÇNL) başa çatmış olur.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib ki, Qərbi Çırağın hasilata başlaması nəhəng AÇG yatağının işlənlməsində əlamətdar hadisədir. Qərbi Çıraq bizim Xəzər dənizində təhlükəsiz və səmərəli şəkildə inşa və istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır.

Bu vaxtadək AÇG yatağından 2,3 milyard bareldən artıq neft hasil edilib. Bu gün hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara və qurğulara gələcəkdə də davamlı investisiyaların qoyulması ilə AÇG hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək.

Qeyd edək ki, Qərbi Çıraq platforması dənizin 170 metr dərinliyində, mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında quraşdırılıb. Yeni platformanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma həmçinin gündəlik 285 milyon standart kub fut qaz ixrac etmək gücündədir.

Amid Əyyuboğlu
AzNews.az