Bakının kommunal xidmətləri hazır vəziyyətə gətirilib

29 Yanvar 2014 21:58 (UTC+04:00)
Sinoptiklərin ölkə ərazisində, o cümlədən, Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskinləşəcəyi ilə bağlı xəbərdarlığından sonra Bakının kommunal xidmətləri hazır vəziyyətə gətirilib.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi texnikaları bu axşamdan paytaxtın müxtəlif yerlərində növbə çəkir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya bildirib ki, qurumun texnikası da qar yağmasına tam hazırdır. Onun sözlərinə görə, yolların təmizlənməsi üçün kifayət qədər texnika, qum, duz ehtiyatı mövcuddur.

Xatırladaq ki, yanvarın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.


AzNews.az