İşləmək əvəzinə sosial yardım almağa üstünlük verirlər- Video

30 Yanvar 2014 08:04 (UTC+04:00)
Qanuna görə aylıq gəliri, hər bir ailə üzvü üçün ehtiyac meyarından, yəni 100 manatdan aşağı olan ailələrə ünvanlı sosial yardım verilir. Amma bir şərtlə ki, ailənin aylıq gəlirinin az olması ondan asılı olmayan səbəblərlə bağlı olsun. Məsələn, ailə başçısının itirilməsi, əmək qabiliyyətinin olmaması belə səbəblərdəndir.

Anspress xəbər verir ki, ƏƏSMN-nin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin sözlərinə görə, ünvanlı sosial yardımın verilməsi 1 il üçün nəzərdə tutulur. Bu 1 il ərzində ailənin əmək qabiliyətli üzvləri işlə təmin olunmaq üçün Məşğulluq Mərkəzində qeydiyyatda durmalıdırlar. 8 yaşdan yuxarı uşağı olan qadınlar da müvafiq işlə təmin olunması üçün mütləq bu mərkəzlərə müraciət etməlidir. Peşəsinə uyğun olaraq həmin şəxslərə 2 dəfə iş təklif olunursa və onlar bundan imtina edərlərsə, o zaman həmin ailələrə ünvanlı sosial yardım verilmir.

Çingiz Əliyevin sözlərinə görə, bəzən əmək qabiliyyətli insanlar işləmək əvəzinə ünvanlı sosial yardım almağa üstünlük verirlər.

ƏƏSMN-nin Xidmət rəisi, Çingiz Əliyev: "Onlardan soruşduqda sizin neçə yaşınız var, məlum olur ki onlar əmək qabiliyyətlidir. Əlilliyi, ailəsi ilə bağlı soruşulduqda məlum olur ki, bu işləmir, bəzən biz soruşuruq ki, siz Məşğulluq İdarəsinə müraciət etmisiniz? Məlum olur ki, yox! Soruşanda niyə? Məlum olur ki, onlar 200-250 manatlıq iş əvəzinə, 100 manat ünvanlı sosial yardım almağı üstün tuturlar".

Müraciət edənlər 1 il əvvəl mənzil alqı-satqısı etdikdə, istər mülkiyyətində, istərsə də vəkalətində, avtomobil olduqda onlara ünvanlı sosial yardım ayrılmır. Hesab olunur ki, bu göstəricilər həmin ailənin aztəminatlı olmamasından xəbər verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin araşdırması nəticəsində məlum olur ki, bir çox hallarda hətta fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar vergi qeydiyyatından yayınaraq ünvanlı sosial yardım almaq istəyirlər. Nazirlik yardım almaq üçün müxtəlif üsullara əl atanlara da səslənir.

Ötən il ölkədə 140 min 711 ailə ünvanlı sosial yardım alıb. Təkrar yardım alanlar, ümumilikdə sosial müavinət alanların 77 %-ni təşkil edir. 23 % ailə isə bu sistemə yeni qoşulanlardır.


AzNews.az