Kompot istehsal edən sexdə nöqsanlar

30 Yanvar 2014 09:58 (UTC+04:00)
Lənkəran şəhərində kompot istehsalı ilə məşğul olan sexdə standartların tələblərinin pozulduğu aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsinin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Məmiyev Eminə məxsus kompot istehsalı ilə məşğul olan sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, müəssisədə kompot istehsalı zamanı texnoloji təlimatdan istifadə olunmur. Bundan başqa müəssisənin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi, məhsulun markalanmasının düzgün aparılmadığı aşkar edilmişdir.

Həmçinin qablaşdırmada istifadə olunan şüşə qabların və qapaqların sertifikatları yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə iradnamə və məhsulun satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.

AzNews.az