Baş Prokurorluqda tədbir keçirildi

30 Yanvar 2014 10:53 (UTC+04:00)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə "Hüquqi şəxslərin cinayət məsuliyyəti" mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən kerilən məlumata görə, Belçika Krallığının Birinci instansiya məhkəməsinin, Böyük Britaniya Kral Prokurorluğunun Şotlandiya üzrə Ağır və Mütəşəkkil cinayətkarlıqla mübarizə ofisinin hakim və prokurorlarının qatıldığı tədbirdə korrupsiya və rüşvətxorluq cinayətlərinin transmilli aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində həmin ölkələrin təcrübəsi və bu sahədə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi və praktiki tərəfləri barədə ətraflı məlumat verilməklə təqdimatlar edilmiş, istintaq edilmiş cinayət işlərindən nümunələr göstərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları ekspertlərə ölkəmizin hüquq sisteminin mahiyyəti, son illər korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, o cümlədən hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, bununla bağlı Cəzaların İcrası və Cinayət-Prosessual Məcəllələrinə ediləcək dəyişikliklərlə əlaqədar qanun layihələrinin hazırlanması barədə ətraflı məlumat vermişlər. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə hüquqi şəxslərin cinayət məsuliyyəti ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilib.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

AzNews.az