Məhəbbət Kazımovun ailəsi dövlət dəstəyindən imtina etdi

30 Yanvar 2014 11:03 (UTC+04:00)
"Məhəbbət Kazımovun ölümü ilə əlaqədar ailəmizə dövlət nümayəndələri və ayrı-ayrı tanınmış şəxslər tərəfindən diqqət gördük. Sağ olsunlar. Bu, Məhəbbət Kazımov sənətinə olan qiymətdir. Amma biz həmin adamların təklifini qəbul etmədik".


Bunu AzNews.az-a əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov bildirib. Onun fikrincə, olunan təkliflər ailədə müzakirə edildikdən sonra belə bir qərar verilib:

"Bizə olunan dəstək təkliflərini ailədə müzakirə etdik. Düşündük ki, bu dəstəklərin heç birini qəbul etməyək. Çünki birini qəbul etsək, o birini etməsək, kimsə inciyəcək. Ən başlıcası isə ona görə ki, atamın heç vaxt kiminsə dəstəyinə ehtiyacı olmayıb. Belə şeylər ailəmizə yadır. Atam özü belə şeylərə imkan verməyibsə, ailəsi əsla verməz".

Xatırladaq ki, əməkdar artist Məhəbbət Kazımov yanvarın 27-də dünyasını dəyişib və o, Xırdalan qəbiristanlığında dəfn olunub.

Bahar Rüstəmli
AzNews.az