İlyas İsmayılov: “Az qala hamı məmurları qınayan yazılar yazır, amma heç kimin tükü də tərpənmir”

19 Avqust 2012 08:02 (UTC+04:00)
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov AzNews.az-ın suallarını cavablandırıb:

- İlyas müəllim, ölkədəki mövcud ictimai-siyasi durumu necə qiymətləndirərdiniz?

- Bugünkü ictimai-siyasi durumu birmənalı şəkildə nə ağ, nə də qara rəngdə təsvir etmək, qiymətləndirmək olmaz. Cəmiyyət, ölkə inkişaf edir. Təbii, bu inkişafa mane olan və həllini gözləyən problemlər də var. Mən bu sırada ilk növbədə Qarabağ münaqişəsini, torpaqlarımızın işğalı faktını qeyd edərdim. Təəssüf ki, biz öz torpaqlarımızı azad etmək üçün tələb olunan əzmkarlığı və fədakarlığı göstərə bilmirik.
İkinci ən böyük problem korrupsiyanın hədsiz miqyas almasıdır. Bununla da köklü və əsaslı mübarizə aparılmır. Aparılan zəif mübarizə isə kosmetik xarakter daşıyır.
Üçüncü problem istənilən millətin və ölkənin inkişafında buxov hesab olunan yerlibazlığın və qohumbazlığın bütün əndazələri aşmasıdır.
Nəhayət, ən ağrılı məsələlərdən biri də Azərbaycanda ictimai fikrə heç bir əhəmiyyət verilməməsi, hörmət qoyulmamasıdır. Mən bir neçə dəfə Amerikada və Avropa ölkələrində olmuşam. Həmin ölkələrdə ən çox xoşuma gələn cəhət ictimai fikrə önəm verilməsi olub. Ümumiyyətlə, inkişaf etmiş cəmiyyətlərdə bu ən həlledici amillərdən hesab olunur. Amma… bir daha təəssüflə vurğulayıram ki, bizdə bunun tam əksidir. Təsəvvür edin, az qala bütün millət hansısa məmurun özbaşınalığından və ya ölkənin adına ləkə gətirən əməlindən danışır, qəzetlər, saytlar bundan yazır və həmin şəxsi qınayırlar, amma heç kimin, necə deyərlər, tükü də tərpənmir. Deyilənlərə, yazılanlara zərrə qədər də əhəmiyyət verən olmur. Bu da onların əl-qollarını açır və bir növ daha böyük biabırçılıqlar etmələrinə rəvac verir. Amma bütün bunlara baxmayaraq, müəyyən inkişaf da var və hesab edirəm ki, onları da mütləq qeyd etmək lazımdır. Məsələn, elə öz təcrübəmdən deyə bilərəm ki, Qazax, Ağstafa və Tovuz rayonlarının deputat seçildiyim dairədəki kəndlərində seçicilər əvvəllər ən çox işıq və qaz problemlərindən gileylənirdilər. Həmin problemlər indi yoxdur. Özü də maraqlanıb öyrənmişəm, bütün respublikada belədir. Bunun özü artıq tərəqqinin təzahürü hesab oluna bilər. Əhalinin ümumi yaşayış səviyyəsinin, həyat tərzinin yaxşılaşması, yeni infrastrukturların yaradılması, aparılan tikinti və abadlıq işləri və.s. ilə bağlı başqa nümunələr də gətirmək olar. Amma ehtiyac görmürəm, çünki hər şey göz qabağındadır. Dediyim odur ki, cəmiyyətdə inkişaf da var və mütərəqqi meylləri, tendensiyanı inkar etmək olmaz. Qaldı bayaq sadaladığım və digər problemlər, o cümlədən işsizliyin aradan qaldırılması, sosial ədalət prinsiplərinə əməl olunması, cəmiyyətdəki mənəvi aşınmanın qarşısının alınması və s. hamılıqla çalışıb onların həllinə nail olmalıyıq. Həm də bir-birimizə yarlık yapışdırmadan, minnət qoymadan.

- Müxalifət partiyaları seçkilərə qədər birləşməyə çalışırlar. Sizcə bu baş tutacaq?

- Əlbəttə, müxalif mövqedə olan siyasi təşkilatlardan birinin rəhbəri kimi çox istərdim ki, bu baş tutsun, yəni müxalifət partiyaları arasında birlik olsun. Ancaq təəssüf ki, bu alınmır. Bununla belə, bunu faciəyə çevirməyin də tərəfdarı deyiləm. Unutmaq lazım deyil ki, həyatda hər şey hansısa maraqlarla bağlıdır. Müxalifət partiyaları da müxtəlif insanlardan ibarətdir, onların həm fərdi, həm də ümumi maraqları var. Üstəlik, hər bir partiya strateji və taktiki addımları nəzərdə tutan özəl plana malikdir.
Bir də, həyat davam edir. Situasiya tez-tez dəyişir. Xalqın, ölkənin taleyi ilə bağlı birdən ortaya elə məsələ çıxa bilər ki, heç hansısa çağırışa, dəvətə ehtiyac da qalmaz. Nəinki müxalif qüvvələr, hətta bütün xalq da yumruq kimi birləşə bilər.

- Ölkədə bir neçə siyasi blok fəaliyyət göstərir. Ədalət Partiyası hansısa bloka qoşulacaqmı?

- Biz hər hansı bloka qoşulmaq fikrində deyilik. Əvvəla ona görə ki, mövcud olan blokların, birliklərin məramnamələri, məqsədləri ilə tanış deyilik. İkincisi, Ədalət Partiyası vaxtilə bir çox müxalif siyasi partiya və təşkilatlarla sıx təmas saxlayıb, arada müəyyən ittifaqlarda, birliklərdə çıxış da edib. Amma sonradan bəzilərinin siyasətə xalqın taleyi kimi deyil, daha çox şəxsi maraqlarının təmini vasitəsi kimi baxdığını, "məqsəd vasitələrə bəraət qazandırır" prinsipiylə yaşadıqlarını, eləcə də digər neqativ əlamətləri görüb aralanmağa, təkbaşına fəaliyyət göstərməyə üstünlük verdi.
Amma biz, bayaq vurğuladığım kimi, xalqın taleyüklü məsələlərinin həllində digər siyasi partiyalarla eyni platformada mübarizə apara biləcəyimizi də tam istisna etmirik.

- Müxalifyönlü bəzi qüvvələrin müxalifətin güc mərkəzi adlandırdığı İctimai Palata payızda mitinqlər keçirməyi planlaşdırır. Siz də qoşulacaqsınızmı? Mən həm də mitinqin icazəli ola biləcəyi variantını nəzərdə tuturam.

- Nəzərə alsaq ki, İctimai Palata hansı məqsədlə yaradılıb, gərək mənə belə sual verməyəydiniz. Amma bir halda ki, sual vermisiniz, cavabsız da qoymaq istəmirəm.
Birincisi, mitinq keçirmək insanların konstitusion hüququdur. Biz Ədalət Partiyası olaraq yalnız icazəsiz aksiyaların əleyhinəyik. İkincisi, biz hadisələri qabaqlamağın, yalançı və pafoslu vədlər verməyin tərəfdarı deyilik. Yəni hələ həmin mitinqlərin hansı məqsədlə, hansı tələblərlə keçiriləcəyi bəlli deyil. Deməli, daha konkret münasibəti həmin məsələlər tam bəlli olanda bildirə bilərik.

- Ümumiyyətlə, müxalifət partiyalarının seçkilərdə şansı nə qədərdir?

- Bu suala da birmənalı cavab vermək olmaz. Ən azı o səbəbdən ki, seçkilər gizli keçirilir. Üstəlik, hətta üzdə "filankəsə səs verəcəyəm" deyənlərin çoxu belə, səsvermə kabinəsində tək qalanda fikrini dəyişib, tamam başqa birisinə səs verir. Ona görə də kimin şansının nə qədər olduğunu yalnız seçicilər müəyyənləşdirə bilərlər. Yeri gəlmişkən, əgər söhbət konkret parlament seçkilərindən və siyasi partiyalardan gedirsə, bunu yalnız proporsional seçki sistemi müəyyən edə bilər. Çünki siyasi partiyaların cəmiyyətdəki yerini, əhalinin ona göstərdiyi etimadın səviyyəsini başqa cür təyin etmək qeyri-mümkündür. Ona görə də, Ədalət Partiyası olaraq çox istərdik ki, proporsional seçki sistemi bərpa olunsun.

Digər tərəfdən, istənilən seçkilərdə, xüsusən də prezident seçkilərində şans bir çox hallarda namizədlərin və onların komandalarının seçicilərlə necə işləmələrindən asılı olur. Yəni namizədlər sözləri, əməlləri və davranışları, xüsusən də daxili və xarici siyasətlə bağlı təqdim etdikləri layihə və proqramlarla onların etimadını qazanmalıdılar ki, səslərinə də ümid bağlaya bilsinlər. Lakin hətta bu halda da şansla bağlı konkret danışmaq mümkün deyil. Çünki bütün bunlarla yanaşı, normal seçki mühiti yaradılmalı, seçkilər özü də ədalətli, şəffaf və qanunvericiliyin tələblərinə uyğun keçirilməlidir.

- Niyə müxalifət partiyaları üzvlərinin sayını açıqlamırlar?

- Başqalarının əvəzinə cavab verə bilmərəm, amma biz üzvlərimizin sayını heç vaxt gizlətməmişik. Rəsmi qeydiyyatdan keçəndə Ədalət Partiyasının 12 min üzvü vardı. Hazırda 20 min nəfərə yaxındır. Ölkənin 69 rayonunda yerli təşkilatlarımız fəaliyyət göstərir. Lakin bu da son hədd deyil. Biz digər işlərimizlə paralel olaraq təşkilatlanma işini də davam etdiririk.

- Ölkədə ziyalılarla siyasətçilər arasında yaranan narazılığa münasibətiniz necədir?

- Mən ümumiyyətlə, cəmiyyətdə narazılıq, qarşıdurma meyllərinin aradan qaldırılmasının tərəfdarıyam. Hesab edirəm ki, indiki münasibətlər də mahiyyətini dəyişməli, Azərbaycanın gələcəyi naminə qarşılıqlı hörmət münasibətlərinə çevrilməlidir. Hər birimiz istənilən situasiyada ləyaqətli davranış nümayiş etdirməyi bacarmalı, heç kimə haqqımızda pis düşünmək üçün əsas verməməliyik. Bu təkcə iqtidara, müxalifətə, siyasətçilərə və ziyalılara yox, xalqın bütün təbəqələrinə aiddir.

İlkin
AzNews.az