Əflatun Amaşov milli ayrı-seçkilikdən danışdı

30 Yanvar 2014 14:53 (UTC+04:00)
Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri – qurumun baş tədqiqat əlaqələndiriciləri Zora Papova və Raul Karstosia, həmçinin layihə koordinatoru Tamari Bulia ilə görüşüb.

AzNews.az xəbər verir ki, MŞ sədri qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib.

Ə.Amaşov əsasən Şuraya daxil olan şikayətlər barədə söz açaraq bildirib ki, narazılıq doğuran media materiallarında kimlərəsə qarşı milli ayrıseçkiliyin edildiyinə dair faktlar demək olar, qeydə alınmır. MŞ sədri Azərbaycanda çoxsaylı xalqların nümayəndələrinin yaşadıqlarını, onların öz ana dillərində kütləvi informasiya təsis etmələri üçün hər cür şərait mövcudluğunu vurğulayıb.

Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin baş tədqiqat əlaqələndiricisi Z.Papova təmsil etdiyi qurumun ATƏT, Avropa Birliyi və Avropa Şurası ilə sıx əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.

O bildirib ki, mərkəz əsasən konfliktlərin aradan qaldırılması, təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşıb. Digər avropalı qonaqlar çıxışlarında təşkilatın media ilə işinin müxtəlif istiqamətlərinə dair məlumat veriblər.

Qeyd edək ki, Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələrinin ölkəmizə yanvarın 26-dan 30-dək davam edən səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xəttilə reallaşdırılır. Bu müddətdə qonaqlar qeyri-hökümət təşkilatlarının, kütləvi infaormasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçiriblər.

Elnur
AzNews.az