Bakılılar Rəmişi hədələdi: “O, mədəniyyətimizə ləkədir”

31 Yanvar 2014 13:26 (UTC+04:00)
Məşhur gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) "Space" tv-də özü ilə bağlı ilginc məlumatlar açıqlayıb.


O, narkotik vasitələrə meyillənməsinin tarixçəsi haqda danışaraq, buna Bakıya köçdükdən sonra qurşandığını deyib.

Rəmişin bu fikirlər isə bəzi bakılılar tərəfindən birmənalı qarşılanmayıb.
AzNews.az-la əlaqə saxlayan Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva gitara ifaçısının narkotik vasitələrdən istifadəni Bakıda öyrənməsi ilə bağlı səsləndirdiyi fikirə etirazını bildirib:

"Rəmiş efirdə deyir ki, "nəşə" çəkməyi Bakıya gələndən sonra "Kubinka" adı ilə tanınan qəsəbədə və Nardaranda öyrənib. Güya, həmin qəsəbələrdəki toylarda bunun qarşısına qalaq-qalaq "nəşə" qoyulub. Bu cəfəng fikirdir və öz səviyyəsinə uyğun uydurmasıdır".

O, Rəmişin bu fikirlərindən sonra xanəndə Arif Babayevin qardaşı ilə əlaqə saxladığını və onun vasitəsilə gitara ifaçısına ismarış göndərdiyini də deyib:

"Onlara dedim ki, bu Rəmişi yığışdırın. Əgər bacarmırsınızsa, özümüz Rəmişin cavabını verək. Rəmişin ələ saldığı Bakı kişiləri heç vaxt efirdə arvadlarını təərifləmirlər. Buradan Rəmişə deyirəm:

"Ağdamda Bakıdan da çox nəşə çəkiblər. Əgər o, bakılılardan nəsə götürürsə, onda torpağı qorumağı da bakılılardan öyrənsin. Bu adam mövzu tapa bilmir, bütün günü televiziya kanallarında arvadından danışır".

M. Babayeva Rəmişə media vasitəsilə sual da ünvanlayıb:

"Rəmiş sən kimsən ki, müğənni Royanı sənətkar hesab edirsən? Azərbaycan mədəniyyətində hansı adla tanınırsan?"

Onun sözlərinə görə, Rəmiş xalq artistlərini də təhqir edib:

"Rəmiş efirdə deyir ki, xalq artistlərinin 90 faizi narkomandır. Bu nə deməkdir? Xalq artislərinin 90 faizi deyəndə Rəmiş kimi, hansı sənətkarları nəzərdə tutur? Arif Babayevi, Nəzakət Teymurovanı, yoxsa Mənsum İbrahimovu? Mən uzun müddət mədəniyyət sahəsində çalışmışam. Rəmişi yalnız narkotik istifadəçisi kimi tanındım. O, Azərbaycan mədəniyyətinə ləkədir".

Xatırladaq ki, Rəmiş etiraza səbəb olan bu fikirlərini yanvarın 30-da "Space" TV-də yayımlanan "Günaydın" verilişinin qonağı olan zaman deyib.

Elvin
AzNews.az