Xanlar Vəliyev ordudakı intihar hallarından danışdı

31 Yanvar 2014 14:57 (UTC+04:00)
Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Silahlı Qüvvələrdə baş verən ölüm və intihar hallarından danışıb.

AzNews.az-ın Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, X.Vəliyev qurumun ötən ilin yekunlarına həsr olunan kollegiya iclasında bildirib ki, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib.

Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

X.Vəliyev bildirib ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət alan və ya öldürülən, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

Hərbi prokuror həmçinin qeyd edib ki, Azərbaycanda silahlı birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər, o cümlədən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin sayı artıb.

X.Vəliyev deyib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Hərbi prokuror bəyan edib ki, 2012-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,5 faiz, hərbi xidmət əleyhinə cinayətlər 2 faiz, hərbi xidmətdən yayınma 16 faiz, fərarilik cinayətləri 7,7 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 22 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 5,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 12,5 faiz, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 22,2 faiz, silahlı birləşmələrdə ölüm halları 21,4 faiz, o cümlədən qəsdən adam öldürmə 33,3 faiz, özünü öldürmə həddinə çatdırma 70,6 faiz azalıb.

Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər o cümlədən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarə etmə və istismar qaydalarını pozma, mülkiyyət əleyhinə və qeyri-hərbi cinayətlər artıb.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər ağır cinayətlərlə bağlı axtarışda olanların sayı haqqında məlumat verən X.Vəliyev bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az