BMT-nin Kiyevdən tələbi: Məlumatlar dəqiq araşdırılsın

31 Yanvar 2014 15:13 (UTC+04:00)
Cenevrədə BMT-nin İnsan hüquqları üzrə ali komissarının İdarəsi Kiyevdən daxil olan ölüm, işgəncə və insan oğurluğu haqqında məlumatların dəqiq və müstəqil araşdırılmasını tələb edir.

Trend-in verdiyi məlumata görə, bu barədə İdarənin nümayəndəsi Rupert Kolvil brifinqdə bildirib.

O, qeyd edib: "Son günlər biz Kiyevdən insan ölümü barədə məlumatlar alırıq. Bu məlumatlar dəqiq və müstəqil araşdırılmalıdır. Biz, həmçinin rəsmi Kiyevi daxil olan insan oğurluğu və işgəncə barədə məlumatları araşdırmağa çağırırıq".

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cenevrə nümayəndəliyi Prezident Viktor Yanukoviçlə Ukrayna müxalifəti arasında dialoqun başlanmasını alqışlayır.

R.Korvil əlavə edib: "Biz bu dialoqun davamlı olmasına və Ukraynanın təsdiqlədiyi insan haqları üzrə beynəlxalq müqavilələrə tam hörmətlə əsaslanmasına çağırırıq. Biz Ukrayna Prezidentini yanvarın 16-da təqdim edilmiş sənədləri ləğv edən yeni qanunu imzalamağa çağırırıq".
İdarənin nümayəndəsi deyib ki, BMT Kiyevdə hökuməti və nümayiş iştirakçılarını dialoqu davam etdirməyə və münaqişənin dinc yolla nizamlanması üçün bütün ilkin şərtləri yaratmağa çağırır.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb.

Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

AzNews.az