79 ailə Azərbaycan vətəndaşlığından imtina edir

22 Avqust 2012 15:30 (UTC+04:00)

Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxananın sakinləri xarici ölkələrin respublikamızdakı səfirliklərinə vətəndaşlıqdan imtina ilə bağlı müraciət edəcək. Səbəb həmin ünvanda qəzalı vəziyyətdə olan yataqxananın sakinlərinin onlar üçün ayrılan torpaq sahəsində tikilən evlərə köçürülməməsidir. Bu barədə məlumatı AzNews.az-a sakinlərdən Eynulla Abdullayev verib.


Onun sözlərinə görə, 2000-ci il zəlzələsi zamanı yataqxana qəzalı vəziyyətə düşüb, hətta sakinlərdən xəsarət alanlar da olub. Bu səbəbdən Bakı meri Hacıbala Abutalıbov 160 ailə üçün üçün yeni binanın tikintisi məqsədilə 40 sot torpaq sahəsinin ayrılması barədə sərəncam verib. 2002-ci ilin mayında 80 ailə onlar üçün tikilən binaya köçürülüb, qalan ailələrin köçürülməsi isə naməlum səbəblərdən ləngiyib:"Bizim üçün ayrılan sahə "Ümid" MTK-ya verilib. 30 sot torpaqda tikilən binadakı evlər kənar şəxslərə satılıb, biz isə hələ də mənzillə təmin olunmamışıq.


Bir müddət əvvəl balkonlardan biri uçdu, sakinlər yolu bağladılar. Hacıbala Abutalıbovla icra hakimiyyətinin binasının qarşısında görüşdük. Sonra bizi qəbul edib dedi ki, köçürülmə məsələsi həll olunacaq. Amma hələ də bir nəticə yoxdur. Fövqəladə Hallar Nazirliyi binanın qazalı vəziyyətdə olmasına dair rəy verib, dözülməz vəziyyətdə yaşayırıq. Çıxış yolumuz ancaq vətəndaşlıqdan imtina edib başqa ölkələrə mühacirət etməyə qalıb". Qeyd edək ki, hazırda qəzalı vəziyyətdəki yataqxana binasında 79 ailə yaşayır.


Kəmalə

AzNews.az