İran yeraltı təkanlarda ölənlərin həqiqi sayını gizlədir

22 Avqust 2012 15:51 (UTC+04:00)

İrandakı zəlzələdən sonra bölgəyə yollanan millət vəkili Qənirə Paşayevanın səfəri regnum.ru saytında geniş işıqlandırılıb.

Sayta yazılanların maraqlı olduğunu nəzərə alıb AzNews.az oxucularına olduğu kimi təqdim edirik. Millət vəkili yerli sakinlərə istinadən bildirib ki, "yüzlərlə insan itkin düşüb, çoxsaylı cəsədlər dağıntılar altındadır, sağ qalanlar isə köməyə ehtiyac duyurlar. Çadırların paylanmasında, axtarış briqadalarının işində, həkimlərin işinin təşkilində, yemək və içməli suyun paylanmasında mərkəzləşdirilmiş iş sisteminin qurulmaması əhali arasında ümidsizlik yaradır".

Rəsmi rəqəmlərə görə, yeraltı təkanlar zamanı İranda 306 nəfər həlak olub. Paşayeva isə bildirib ki, "əslində ölənlərin sayı kifayət qədər çoxdur. Bundan əlavə, millət vəkili qeyd edib ki, İran qonşu Türkiyənin və digər ölkələrin yardımından imtina edib. Azərbaycandan göndərilən humanitar yardım təyinatı üzrə paylanmayıb. Yerli KİV-lər isə hətta məlumat yayıblar ki, Azərbaycandan gələn yük maşınları yolda tıxaclara səbəb olub. Bu səbəbdən də hökumətin zərərçəkənlərə yardım cəhdləri iflic vəziyyətinə düşüb".

Bundan əlavə Ümumdünya Azərbaycanlıları Konqresində bu gün keçirilmiş dəyirmi masada bəyan edilib ki, "İran məqsədyönlü şəkildə beynəlxalq yardımlardan imtina edir ki, yeraltı təkanlardan əziyyət çəkən insanlar məhv olsunlar". Konqresin "Cənubi Azərbaycan" nümayəndəliyinin rəhbəri Babək Muğanlı isə bildirib ki, əslində yeraltı təkanlar zamanı ölənlərin sayı 5000 nəfərdir. Eyni zamanda dəyirmi masada üç gündən sonra axtarış və xilasetmə tədbirlərinin dayandırılması cinayət kimi qiymətləndirilib və əlavə edilib ki, "dağıntılar altından insanları xilas etmək olardı".

Dəyirmi masada İran əleyhinə daha ciddi ittihamlar da səsləndirilib. Qeyd edilib ki, təkanlar təbii səbəblərdən yox, tektonik və ya nüvə silahının sınağı nəticəsində baş verib.

Daha bir neçə nüansı da təkanların üzə çıxardığı qeyd edilib. " Təkanlar azərbaycanlılar yaşayan ərazilərdə aşağı sosial inkişaf səviyyəsinin olduğunu göstərdi. Evlərin çoxu çiy kərpicdən tikildiyindən insan itkisi daha çox olub". Bundan əlavə dəyirmi masa iştirakçıları İrandan təcili şəkildə zərərçəkmişlərə yardım edilməsini, kompensasiya ödənilməsini və bölgənin sosial-iqtisadi problemlərini həll etməyi tələb ediblər.

Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyi və Xarici İşlər Nazirliyi İrana irimiqyaslı kömək təklif etsə də qarşı tərəf imtina edib

Sadiq

AzNews.az