«Quba məhkəməsi» başladı

22 Avqust 2012 16:50 (UTC+04:00)

Bu gün Quba Rayon Məhkəməsində bu il martın 1-də Qubada baş verən hadisələrlə əlaqədar iğtişaş törətməkdə təqsirləndirilən bir qrup şəxsin məhkəməsi başlayıb. Quba Rayon Məhkəməsindən APA-nın şimal bürosuna verilən məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclası keçirilib.


Təqsirləndirilən şəxslərin bir qisminin vəkili olmadığına görə məhkəmə avqustun 28-nə təxirə salınıb. Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulan Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə)), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda)); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.

AzNews.az