Şadlıq evləri cərimələndi

23 Avqust 2012 14:57 (UTC+04:00)


Yenidən qeyri-qanuni sudan istifadə halları aşkarlanıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

Bildirilir ki, bu cür hallara daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə rast gəlinir.

"Azərsu" ASC içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini gücləndirib.

Qurumun Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının təkcə iyul ayı ərzində həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 75-i Bakı şəhərində, 14-i isə müxtəlif rayonlarda olmaqla içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 89 fakt aşkarlanıb. Müəyyən edilmiş faktlar aktlaşdırıldıqdan və dəymiş zərər hesablandıqdan sonra 89 fakt üzrə ümumilikdə 160 420 manat dəyərində cərimə tətbiq olunub.

Ümumilikdə, 2012-ci ilin yanvar-iyul aylarında "Azərsu" ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 914 fakt aşkar edilmiş, dəymiş zərər qiymətləndirilərək abunəçilər 627 743 manat cərimə olunub.

"Azərsu" ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.

Sevinc
AzNews.az