Əhmədinejatın rəqibi ölüm ayağındadır

24 Avqust 2012 08:40 (UTC+04:00)


İranın keçmiş baş naziri və sonuncu prezident seçkilərində Mahmud Əhmədinejadın rəqibi olan Mir Hüseyn Musəvi ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sonuncu prezident seçkilərindən sonra hakimiyyət orqanları tərəfindən həbs edilərək ev dustağına çevrilənMusəvi ciddi təhlükəsizlik tədbirləri altında Tehranın ürək xəstəxanasına yerləşdirilib. Musəvinin durumu ağır kimi qiymətləndirilir.

AzNews.az-ın İran mətbuatına verdiyi məlumata görə, Musəvinin müşaviri Ərdəşir Ərcümənd xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Musəvinin əvvəllər ürək xəstəliyindən heç bir şikayəti olmayıb: "Onun səhhətinə görə hakimiyyət orqanları məsuliyyət daşıyır".

Məlumat üçün bildirək ki, Mir Hüseyn Musəvi əslən Azərbaycan türküdür. Son prezident seçkilərində onun qalib olacağı ehtimal olunsa da, iddialara görə saxtakarlıq nəticəsində Əhmədinejad prezident seçilib. Musəvi tərəfdarları seçkilərin nəticələrinə etiraz edərək Tehran və İranın bir sıra böyük şəhərlərində etiraz aksiyaları keçirib.

Hakimiyyət qüvvələrinin aksiyalara sərt müdaxiləsi qanlı hadisələrlə sonuclanıb və 100-dən çox insan həlak olub, minlərlə insan yaralanıb. Musəvi özü isə uzun müddətdir ki, ev dustağıdır.

Alpər
AzNews.az