Əhmədinejat 14 gün sonra zəlzələ bölgəsinə getdi

24 Avqust 2012 08:53 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejad nəhayət ki, zəlzələnin baş verdiyi Şərqi Azərbaycan vilayətinə gedib. Səfər əvvəlcədən xəbər verilmədən baş tutub. AzNews.az-ın məlumatına görə, xəbəri İran Prezidentinin rəsmi internet saytı yayıb.

Avqustun 24-də səhər saatlarında zəlzələ bölgəsinə səfər edən prezidenti daxili işlər naziri, şəhərsalma və yol tikintisi naziri, kənd təsərrüfatı naziri, mədəniyyət və islami irşad naziri və prezidentin proqramlaşdırma üzrə müavini, eləcə də İran Qızıl Aypara Cəmiyyətinin rəisi müşayət edib.

Məlumat üçün bildirək ki, Cənubi Azərbaycanda zəlzələ baş verən gündən indiyə qədər İran prezidenti bölgəyə səfər etməmişdi. Bu isə əhalinin narazlığına və tənqidlərinə səbəb olub. Prezidentin səfərindən bir gün öncə təhlükəsizlik qüvvələri bölgədəki könüllü yardım qruplarının üzvlərini həbs edib.

Alpər
AzNews.az