Ərdoğan həbsdən buraxılanlar barədə danışdı

1 Mart 2014 08:20 (UTC+04:00)
"Nəhayət ki, haqq yerini tapdı. Ölkədə əsassız yerə həbs edilən çoxlu sayda insanlar hələ də qalmaqdadır. İstəyirəm ki, onlar da tezliklə azadlığa qovuşsunlar".

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gün bir müddət əvvəl rüşvətxorluq ittihamları ilə həbs edilən dövlət məmurlarının oğullarının azadlığa buraxılması ilə bağlı bu cür açıqlama verib. Ərdoğan qeyd edib ki, prosesin bu cür inkişafı bəzi mətləblərin də aşkarlanmasına kömək edəcək.

"Gözləntim bu istiqamətdə idi. Prosesin bu cür inkişafı, eyni zamanda, dinləmə hadisələri və bir sıra paralel mühakimə yolu ilə, təəssüf ki, çox haqsız və əsassız addımlar atdılar. Mən əvvəl axır haqqın yerini tapmasını istəyirdim ki, haqq yerini tapdı. Hazırda əsassız yerə həbsdə olan bu cür insanlar var. Haqqın bərqərar olması ilə onların da azadlığa qovuşmasını istəyirəm. Bu, əlbəttə, bir məhkəmə prosesidir. Bizim bir baş nazir olaraq məhkəməyə müdaxilə etmək niyyətimiz yoxdur. Lakin bu proses inşallah digər məsələlərin də aşkarlıq qazanmasına kömək edəcək. İstərdim ki, bundan sonra bu proses daha da sürətlə inkişaf etsin".

Ötən il dekabrın 17-də keçirilən anti-korrupsiya və rüşvət əməliyyatları zamanı həbs edilən nazir oğulları 70 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Azadlığa buraxılanlar arasında keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və azərbaycanlı iş adamı Rza Zərrab da daxil olmaqla 5 nəfərin adı səsləndirilir.

Həmin şəxslər barəsində Türkiyəni tərk etməmək qətimkan tədbiri seçilib. Bundan başqa, onların üzərinə hər həftənin cümə günü yaşayış yerinə yaxın polis idarəsinə gedərək, imza atmaq öhdəliyi qoyulub.(anspress)