Ukrayna rəhbərindən Putinə sərt ismarış: “Hərbçilərini Krımdan geri çək” (VİDEO)

1 Mart 2014 10:04 (UTC+04:00)
Ukrayana Ali Radasının sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkədə yaranmış vəziyyətlə bağlı xalqa müraciət edib.

AzNews.az-ın xəbərinə görə, o müraciətində Ukraynadakı vəziyyəti şərh edərək, separat çağırışları ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əleyhinə yönəldiyini deyib.


A.Turçinov Krımdakı hadisələrə də toxunaraq, baş verənlərdə Rusiyanı ittiham edib: "Rusiya hərbi təlim adı ilə Krıma qoşun yeridib. Rusiya yalnız Krımda dövlət obyektlərini deyil, vətəndaşlara məxsus müəssisələri, kommunikasiya vasitələrini və Ukrayna hərbçilərinin olduqları yerləri bağlayıb.

Rusiya bizi müharibə ilə təxribata çəkir. Bizim kəşfiyyatın məlumatına görə, Rusiya Krım Muxtar Respublikasında abxaz ssenarisini həyata keçirməklə yarmadanı Ukraynadan qoparmağa istəyir. Ukrayna hərbçiləri öz xidmətlərini yerinə yetirirlər. Onlar təxribata uymayaraq, hərbi münaqişənin yaranmamasına çalışırlar. Bununla da vətəndaşların həyatını təhlükəyə atmaq istəmirlər. Şəxsən Vladimir Putina müraciət edərək, ondan tələb edirəm. Bu təxribata son ver, öz hərbçilərini Krımdan geri çək və beynəlxalq qanunlara riayət et".

A.Turçinov xatırladıb ki, Rusiya ABŞ və Böyük Britaniya ilə birgə imzaladıqları "Budapeşt memorandumu" ilə Ukraynanın ərazi bütövlüyünün qarantıdırlar: "Bu gün bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və inkişaf etmiş dünya Ukraynadakı mövcud prosesləri dəstəkləyir. Ukrayna dövləti Krımda vəziyyətin stabilləşdirilməsi üçün plan hazırlayıb.

Biz provakasiyalara son verməyə çağırırıq. Biz əminik ki, Ukrayna öz ərazi bütövlüyünü saxlayacaq. Ukrayna müstəqilliyini saxlayacaq və onun ərazisində işğal cəhdinə qarşı atılan addım arzuolunmaz hallarla nəticələnəcək".

O, Krımda xidmət aparan Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinə də müraciət edib: "Krımda xidmət aparan hərbçilərimizə müraciət edirəm. Mən sizi dəstəkləyirəm. Təşəkkür edirəm ki, siz öz xidmətinizi şərəflə yerinə yetirirsiniz. Mən separatçılığa yox deyən Krım vətəndaşlarını da səbirli olmağa çağırıram. Yaxın müddətdə Krımdakı gərgin vəziyyət stabilləşəcək".


Məhəmməd
AzNews.az