Havanın temperaturu yüksəlir- Proqnoz

1 Mart 2014 16:00 (UTC+04:00)
Sabah Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, martın 2-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da martın 2-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında hava çiskinli olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.
Mülayim hava şəraiti ölkə ərazisində martın 3-də də davam edəcək.

AzNews.az