Marneulidə azərbaycanlının maşınına partlayıcı qurğu yerləşdirilib - FOTO

2 Mart 2014 18:25 (UTC+04:00)
Bazar günü Gürcüstanın Marneuli rayonunda bomba həyəcanı yaşanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli şəhərinin mərkəzi meydanında rayon Ədliyyə Evinin və "SOCAR Gerorgia" şirkətinə məxsus benzindoldurma məntəqəsinin yaxınlığında SSM 112 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə bomba yerləşdirilib.

Avtomobilin sahibi Hüseyn Hüseynov maşında bomba olduğunu bilən kimi patrul xidməti əməkdaşını məlumatlandırıb.
Dərhal hadisə yerinin yaxınlığlnda olanlar təxliyə edilib, əraziyə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib. Rayon mərkəzində yollar bağlanıb. Bir müddət sonra partlayıcı qurğu zərərsizləşdirilib.
Avtomobilin saghibi, Marneuli şəhər sakini Hüseyn Hüseynov deyib ki, o, rayonun Rustaveli küçəsində maşınını saxlayaraq, dərman almaq üçün yol kənarındakı aptekə girib. Çıxanda isə tanımadığı şəxslərin maşınının siqnalizasiya yerinə yaxın partlayıcı qurğu yerləşdirdiklərini bilib və polis patrul xidmətinə xəbər verib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


AzNews.az