Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı separatçıların tərəfinə keçdi

3 Mart 2014 09:01 (UTC+04:00)
Krım Muxtar Respublikasında yerləşən Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı separatçıların tərəfinə keçdi.

AzNews.az-ın məlumatına görə, Ukraynanın Krımda yerləşən HDQ-nın komandanı Denis Berezovski Krım Muxtar Respublikasının vətəndaşlarına sadiq olacağı ilə bağlı and içib.

Andiçmə mərasimi medianın qarşısında həyata keçirilib. Krım Ali Radasının sədri Serqey Aksenov bildirib ki, HDQ-nın yarmadanın tabeliyinə keçməsi ilə bağlı əmr də imzalayıb. S. Aksenov HDQ-nın zabit və əsgər heyətinə bu addımlarına görə təşəkkür edib.

Ukrayna Müdafiə Nazirliyi isə bununla bağlı verdiyi açıqlamada D. Berezovskinin əməlini vətənə xəyanət kimi dəyərləndirərək, xatırladıb ki, adıçəkilən komandan artıq 3 gün əvvəl tutduğu vəzifəsindən kənarlaşdırılıb: "Onun Hərbi Dəniz Qüvvələrinin adından əmr vermək səlahiyyəti yoxdur".



Məhəmməd
AzNews.az