Hava yağıntılı olacaq- Proqnoz

3 Mart 2014 11:49 (UTC+04:00)
Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq, bəzi ərazilərdə isə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gecəyə doğru isə yağış yağma ehtimalı var. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında da martın 4-də gündüz qərb rayonlarında, axşama doğru isə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

AzNews.az