““Sovetski”dən məcburi köçürülmə olmayacaq” - (YENİLƏNİB- 3)

3 Mart 2014 16:58 (UTC+04:00)
Bu gün Yasamal Rayon İcra Hakimiyyətində Bakının "Sovetsiki" məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.

APA-nın verdiyi məlumata görə, görüşdə baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər rəsmilər iştirak edirlər.

Qeyd edək ki, Bakının "Sovetski" kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər. Fevralın 18-də sakinlərlə baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirilib. Görüşdə Təşkilat Komitəsi tərəfindən hökumətə 9 təklif təqdim edilib. Sakinlərin təkliflərinə hökumət tərəfindən martın 3-də cavab veriləcəyi bildirilib.(16.20)

***

Yasamal Rayon İcra Hakimiyyətində Bakının "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.

APA-nın verdiyi məlumata görə, görüşdə Yasamal Rayon İcra başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxuyub.

İlk olaraq bildirilib ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərinin tikilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsi üçün aparılacaq tikinti üçün isə Mülki Məcəlləsinin 565-ci maddəsinə uyğun alqı-satqı ilə həyata keçiriləcək. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub.

Mənzillərin hər 1 kv.m üçün 3500-4000 min manat təklifinə gəlincə, bununla bağlı cavabda bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin "kupça"ların olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.

Digər tərəfdən, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti normalarına, yaşayış normalarına uyğun gəlmir. Kommunikssiya sistemləri yaxşı vəziyyətdə deyil. Son dövrlərdə daşınmaz əmlakların hər birinin 1 kv m.-nin 1500 manatdan az olması müəyyən edilib. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu, bazar qiymətinə uyğundur. Sakinlərin təklif etdiyi 3500-4000 manatın reallığa uyğunluğu isə yoxdur. 100 sakin həmin vəsaiti bankdan götürüb. Obyektlərini həmin qiymətə satmaq üçün xeyli müraciət edən də var.

Hər bir ailəyə fərdi yanaşma ilə bağlı təklifə gəlincə, cavabda qeyd edilib ki, satınalma mənzil sahibləri ilə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Razılaşma olduqda, məbləğ sakinlərin hesabına köçürüləcək və bu zaman mənzildə qeydiyyatda olanların sayı nəzərə alınmır.

Söküntü zamanı divarların, soba yerinin və s. sahəsinin də nəzərə alınmasına gəlincə, bununla bağlı cavabda bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə əsasən tənzimlənir. Sahə otaqların, mətbəx və şüşəbəndlərin sahəsi də daxil olmaqla hesablanır, divarların, sobanın yerləşdiyi sahə mənzil sahəsinə aid edilmir.

Satınalma zamanı mənzillərin yerləşmə sahəsi, təmirinin nəzərə alınması, fərdi yanaşma olmasına gəlincə, cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat təmir nəzərə alınaraq müəyyən edilib.

Söküntü zaman əhalinin məişətinə hər hansı təsir gösərilməməsi ilə bağlı təklifə cavab olaraq bildirilib ki, mülkiyyətçilərlə razılaşma əldə edilməli və kompensasiya ödənilməlidir, bundan sonra müvafiq söküntü işləri başlana bilər.

Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Qeyd olunub ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığı üçün mənzil sahibləri ilə münasibətlər Mülki Məcəllə ilə tənzimlənməlidir.

Sakinlərin güc tətbiq edilməməsi ilə bağlı istəyinə isə müsbət cavab verilib.

Bildirilib ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır, razı olmayan sakinlər əvvəlki qaydada yaşamağa davam edə bilərlər.

Təşkilat Komitəsinin üzvləri ilə müzakirə davam edir.(16.50)

***
Yasamal Rayon İcra Hakimiyyətində Bakının "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüş davam edir.

APA-nın verdiyi məlumata görə, Təşkilat Komitəsinin üzvü Qurban Dostəlizadə deyib ki, "Sovetski" tarixi ərazidir, bura tarixi nöqteyi-nəzərdən yanaşmaq vacibdir. Q. Dostəlizadə bildirib ki, bu ərazidə mənzillərin sahəsi azdırsa, dövlət imkanı olan vaxt bu sakinlərə ipoteka krediti ilə mənzil almağa şərait yaradar: "Təmirli evlərin tikinti xərci 300-400 manatdır. İlk növbədə evlər tikilərək sakinlər orada yerləşdirilməlidir. Bu proses təmkinlə aparılmalıdır".

Təşkilat Komitəsinin sədri Namiq Quliyev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə keçən görüşdə evlərin sahələrinin damdan dama ölçüləcəyini bəyan edib: "O insanlarla danışmaq çətin olar, nəinki 7 nəfər bizimlə..."

Baş nazirinin müavini Abid Şərifov isə deyib ki, hökumət sakinlərlə görüşdən qaçmır: "Onlar sizi seçiblərsə, səlahiyyət veriblərsə, sizinlə görüşürük. Mən ömrüm boyu tikinti işləri ilə məşğul olmuşam. Hacıbala Abutalıbovun evlərin sahələrinin damdan dama hesablanması barədə sözünü isə eşitməmişəm. Mən evin sahəsinin hesablanması ilə bağlı qanundan, qaydadan danışıram. Evin sahəsi divarın içindən hesablanır. Bu qaydanı pozmağa heç kimin haqqı yoxdur".

N. Quliyev məsələnin maksimum sakitliklə, razılıqla həllini istədiklərini söyləyiblər.

A. Şərifov qeyd edib ki, məhəllənin söküləcəyi barədə söhbət 40-50 ildir, gedir: "Çoxlu sayda ev satın alınıb, sökülüb, tikilib. Özəl şirkətlərin də sakinlərdən evləri necə aldığından xəbərdaram. Biz kimisə köçürtmək məqsədi güdmürük. Evlərini satmaq istəyənlərin evləri alınacaq. Əgər 4-5 min evdən 100-200-ü satıb gedirsə, qalanları ilə heç kimin işi yoxdur, sağlıqla yaşasınlar".

Təşkilat Komitəsinin üzvləri bu halda söküntü işlərinə hansı səbəbdən başlanıldığını soruşublar.

A. Şərifov deyib ki, Bakı şəhərinin nəqliyyat məsələsi çox dəhşətli vəziyyətdədir: "Təzəpir məscidi olan yeri götürək. Hüzr mərasimində ora gedib-gəlmək olmur. Bir yanğın, hadisə olsa, camaatın vəziyyəti necə olacaq? Ona görə də məqsəd odur ki, harada mümkün olursa, nəqliyyat üçün imkanları genişləndirək. Orada elə evlər var ki, nə pəncərəsi, nə qapısı var. Oradan çıxmaq istəyən çıxsın. 3 mərtəbəli villada yaşamaq istəyən yaşasın. Mən qısa müddətdə məhəllənin baş planını hazırlatdıracağam və bir çox suallara da bununla tam cavab verəcəyəm".

Təşkilati Komitəsinin üzvləri ərazidə satılan evlərdə söküntü işləri aparılarkən oradakı evlərin kommunikasiyalarının, sanitar qovşaqlarının sıradan çıxacağını bildirib, söküntü zamanı bu məsələnin xüsusi diqqətdə saxlanılmasını istəyiblər.

A. Şərifov isə bir daha məcburi köçürülmə olmayacağını vurğulayıb.

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov də deyib ki, hansı sakini bir kvadrat metr üçün 1500 manat qane edirsə, o, vəsaiti alıb köçəcək, qalanlar isə evlərində yaşamağa davam edə bilərlər.

Görüşdə iştirak edən daxili işlər nazirinin müavini Oruc Zalov isə deyib ki, əgər ərazidə yol qanunsuz bağlansa, aksiya keçirilsə, polis bunun qarşısını alacaq: "Oradan heç kim zorla köçürülməyəcək. Ancaq qanunsuz addımlardan çəkinmək lazımdır. Heç kimin ailəsindən bir gəncin saxlanılmasını istəmirik. Kim qanunları pozacaqsa, qanuna müvafiq addımlar atılacağını da bilməlidir".

Görüş davam edir.

AzNews.az