Krım gərginliyi anbaan yüksəlir

3 Mart 2014 21:05 (UTC+04:00)
Rusiya Silahlı Qüvvələrinin Ukraynaya öz qoşunlarını 12 saat ərzində Krımdan çəkməsi üçün ultimatum verməsi Ankarada da böyük gərginliyə səbəb olub.

Türkiyə prezidenti Abdullah Gül xarici işlər naziri Əhməd Davudoğlunu və müşaviri Feridun Sinirlioğlunu Cankaya köşkünə çağırıb. Türkiyə mediası yazır ki, görüş artıq bir saatdan çoxdur davam edir.

Ukraynada da gərginlik son həddə çatıb. Rusiyanın ultimatumundan sonra Ukrayna Hərbi-Dəniz Donanmalarının Krımdakı iki gəmisi - "Теrnopol" və "Slavutiç"un bütün heyəti Ukrayna xalqına sadiqliklərini bildirib. Sevastopol buxtasında olan hər iki gəmi Ukrayna ərazilərini Rusiyanın hərbi müdaxiləsindən qoruyacaqlarını bildirib.

Gəmi heyətlərinin bu açıqlamasından sonra Hərbi-Dəniz Donanmasının piyadaları da xuntaya tabe olmaq əmrindən imtina etdiklərini və Ukraynanın ərazi bütövlüyünün bərpası üçün vuruşacaqlarının bildirib.

Rusiya isə hər keçən saat Krımda milyonlarla vəsait itirir. Həyəcan təbili çalan Rusiya qaynaqları isə yazır ki, Rusiyanın bir neçə günlük Krım əməliyyatı dövlət büdcəsinə 2 trilyon rubla başa gəlib. "Ekonomiçeskaya pravda" yazır ki, bu, Rusiyanın Soçi olimpiadasına çəkdiyi xərcdən 500 milyard rubl artıqdır.(Musavat.com)