Avtobus sürücüləri üçün kurslar keçiriləcək

4 Mart 2014 11:21 (UTC+04:00)
Avtobus sürücülərinin qeyri-etik hərəkətləri, həmçinin sərnişinlərlə kobud davranışları insanların haqlı narazılığına səbəb olur.

Bu cür xoşagəlməz halların aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi sürücüləri müvafiq kurslara cəlb edir.

AzNews.az bildirir ki, Nazirliyin katibliyinin müdiri Namiq Həsənov AzərTAc-a bildirib ki, sürücüləri bu cür qeyri-etik davranışlardan uzaqlaşdırmaq üçün xüsusi kurslar keçiriləcək. Sürücülərə yalnız xüsusi kurslardan keçdikdən sonra avtobusu idarə etməyə icazə veriləcək. Kurslarda sürücülərə yol hərəkəti qaydaları ilə yanaşı, etik normalar da öyrədiləcək. Bu isə vətəndaşların mənzilbaşına rahat və sağlam çatmasına şərait yaradacaq.

Həmçinin daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq və yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcəklər. Avtobus sürücüsü olmaq istəyən 21 yaşını tamamlamış, 3 il sürücülük təcrübəsi və D kateqoriyalı sürücülük vəsiqəsi olan hər bir şəxs bu kurslarda iştirak edə bilər. Kurslar nazirliyin Dərnəgül şosesində tədris kurs kombinatında təşkil olunacaq.

Nazirlik, həmçinin 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində ictimai nəqliyyatda işləyən sürücülər üçün ingilis və rus dillərində xüsusi kurslar da təşkil edəcək.

AzNews.az