Civə qaçaqmalçıları tutuldu

25 Avqust 2012 10:15 (UTC+04:00)
Azərbaycana qaçaqmalçılıq yolu ilə civə gətirilməsi faktı aşkarlanıb. AzNews.az-ın Dövlət Gömrük Komitəsinin (DGK) saytına istindən verdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş güclü təsirli zəhərli maddə olan civənin Bakı şəhəri Qaradağ rayonu ərazisində realizə olunacağı barədə məlumat daxil olub.

Məlumata əsasən, Qaradağ rayonu ərazisində yerləşən "Meyvəli" bazarının qarşısında keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Şabanov Tural Aqronom oğlunun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə həmin əraziyə gələn Azərbaycan vətəndaşı Abdullayev Pərviz Təbriz oğlu 1 ədəd 0.5 litr həcmli şəffaf rəngli plastik su qabının içərisində olan civə maddəsini satmaq istəyərkən əməliyyat işçiləri tərəfindən saxlanılıblar.

Daha sonra T. Şabanov içərisində civə maddəsinin olduğu 2 ədəd plastik su qabının anası Şabanova Zeynəb Ramiz qızının icarə əsasında işlətdiyi Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 13 ünvanında yerləşən kosmetika məhsullarının satışının həyata keçirildiyi dükanda olduğunu bildirib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Şabanova tərəfindən içərisində civə məhlulu olan həmin 2 ədəd plastik su qabının Lökbatan qəsəbəsi, keçid 1594 ünvanında yerləşən stadionun yanındakı qamışlığa atıldığı müəyyən edilib. Qeyd olunan ünvanda yerləşən qamışlıqdan 1 ədəd sellofan torbada içərisində civə maddəsi olan 2 ədəd 0.5 litr həcmli şəffaf rəngli plastik su qabları aşkar olunub.

AzNews.az