Vəfa Quluzadə: “Rusiya buna heç cür dözə bilməyəcək”

4 Mart 2014 13:52 (UTC+04:00)

"Rusiya prezidentinin Ukraynaya ordu yeritmək qərarı böyük səhv idi. Çünki Rusiya dünya güclərinə qarşı müharibə apara bilməz".

Bunu AzNews.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiya ilə Ukrayna arasında müharibə ehtimalını şərh edərkən deyib. O bildirib ki, Rusiya iqtisadiyyatı göründüyü kimi güclü deyil:

"Ukraynaya görə qərbin Rusiya qarşı iqtisadi, siyasi, diplomatik tədbirləri şimal qonşumuzun çökməsinə gətirib çıxara bilər. Rusiyanın iri şəhərlərində bununla bağlı narahatlıqlar yaranmaqdadır. Artıq ilk işartılar görünməkdədir. Belə Rusiyanın Ukraynaya təzyiqləri rus rublun ucuzlaşmasına gətirib çıxarıb".

Politoloqun fikrincə qərb təzyiq aləti olaraq, neftin də qiyməti aşağı sala bilər: "Belə vəziyyətdə Rusiya buna heç cür dözə bilməyəcək. Hesab edirəm ki, bu avantüra Rusiyaya üçün olduqca pis nəticələnəcək".

V.Quluzadə rus əsgərinin qərbin hərbi maşının qarşısında duruş gətirmək iqtidarında olmadığını da söyləyib: "Rusiya cəsarət edib ABŞ və Avropaya zərbə vurmaq istəsə, özünü pis vəziyyətə sala bilər. İnanmıram ki, Rusiya prezidenti Vladimir Putin buna cəsarət etsin".

Amid
AzNews.az