Muzdluluq və terrorçuluğa görə cəzalar sərtləşdirilir

4 Mart 2014 16:02 (UTC+04:00)
Azərbaycanda muzdluluq və terrorçuluğa görə cəzalar sərtləşdirilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.

Dəyişikliyə görə, Məcəllənin 114-cü (Muzdluluq) maddəsi üzrə 114.1-ci maddənin sanksiyasında - muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə səkkiz ildən on iki ilədək həbs qətimkan tədbiri seçiləcək.

Mövcud qanunvericilikdə bu maddə ilə ittiham olunanlar dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər dəyişikliyə görə, 114.2-ci maddənin sanksiyasında eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə doqquz ildən on beş ilədək həbs qətimkan tədbiri seçiləcək.

Mövcud qanunvericiliyə görə, bu maddə ilə ittiham olunanlar səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

114.3-cü maddəyə edilən dəyişikliyə görə isə muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı beş ildən on bir ilədək cəza nəzərdə tutulur.

Mövcud qanunvericilikdə isə bu maddə ilə ittiham olunanlar üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə görə, Məcəllənin 214-cü (Terrorçuluq) maddəsi üzrə 214.1-ci maddənin sanksiyasında terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə görə on ildən on iki ilədək cəza tətbiq ediləcək.

Mövcud qanunvericilikdə bu maddə ilə ittiham olunanlar səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin Məcəlləyə 214.2.5-ci (eyni əməllər beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə) maddə əlavə edilib.

214-2-ci maddənin sanksiyasında (terrorçuluq təkrar törədildikdə) on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəza tətbiq ediləcək. Mövcud qanunvericilikdə isə bu maddə ilə ittiham olunanlar on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AzNews.az