Azərbaycanda “Mc Donalds”lar bağlana bilər – EKSPERT

4 Mart 2014 16:30 (UTC+04:00)
"Azərbaycanda da qanunlar qorunur və bu, "Mc Donalds"ın bağlanılmasına gətirib çıxarda bilər"

Bunu Aznews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Mc Donalds"da müştərinin qidasından ilbis çıxmasına münasibət bildirərkən deyib.

Eyyub Hüseynov buna Kanada təcrübəsini misal göstərərək, müştərinin iddiası əsasında restoranın qıfıllandığını bildirdi:

"Mən Kanadanın Toronto şəhərindəydim. Müştəri restoranda tarakan görmüşdü. Və bu barədə səhiyyə orqanlarına məlumat vermişdi. İnternetdə oxudum ki, restoranın qapısından təcili sürətdə qıfıllar asılıb. Səhərisi gün həmin restorana getdim və doğrudan da restoranın qapısından qıfıllar asıldığını gördüm".

AİB-in sədrinin sözlərinə görə, bu halda istehlakçı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Səhiyyə və İqtisadi Inkişaf Nazirliyinə müraciət eləməlidir:

"Bundan sonra orda ciddi monitorinq keçirilməli, birmənalı şəkildə müştərinin yediyi qidanın pulu alınmamalıdır. Əgər müştəri məhkəmədə ona mənəvi ziyanın dəyməsini sübut edərsə, o zaman məhkəmə müştərinin xeyrinə qərar çıxarda bilər. Bu isə müştərinin iddiası əsasında kompensasiya əldə etməsinə gətirib çıxardar".

Xatırladaq ki, martın 2-də Bakı sakini Rolan Məmmədov daimi müştərisi olduğu "Mc Donalds"dan sifariş verdiyi salatın içindən ilbis çıxmışdı. O bununla bağlı "Mc Donalds"ı məhkəməyə verəcəyini bildirib.

İlqar
AzNews.az