Salyanda qətlə yetirilən şəxs kriminal avtoritet imiş– Qardaşı danışır

5 Mart 2014 10:57 (UTC+04:00)
KXCP üzvü Aydın Xəlilovun ölümü ilə bağlı yeni məqamlar üzə çıxıb.

Bu barədə mərhumun böyük qardaşı Nazim Xəlilov məlumat verib.

O, mərhuma 34 bıçaq zərbəsi vurulduğunu deyib: "Tibbi ekspertizanın rəyinə görə, ona 34 bıçaq vurulub. Cinayətdə ümumiyyətlə 2 bıçaqdan istifadə edilib. Bunlardan birinin eni 7 santimetr, o birinin isə 3 santimetr olub".

Qatil kimdir?

N.Xəlilov qardaşının evdən naməlum şəxslər vasitəsiylə aparıldığını deyib. "Qara "Pajero" ilə evə naməlum 3 nəfər gəlib. Qardaşımı qarşı oturacaqda oturdublar və evdən aralanandan sonra qətlə yetiriblər. Hələ bundan bir gün öncə həmin maşını gecə saat 11-də kəndə girəndə görüblər. Həqiqətən maşının nömrəsi palçıqlı olduğu üçün heç kim onun nömrəni görə bilməyib".

Nə güllələnib, nə də üstündən maşın keçib

Aydın Xəlilovun qatillərindən birinin fotorobotunun hazırlandığını, amma həmin adamın ölkə sərhədlərini çoxdan keçdiyini də deyib.

Qohumlar həmçinin Azərbaycan KİV-də yazılanların doğru olmamasından şikayətləniblər. "Onu güllələməyiblər. Ancaq bıçaqla vurublar. Üzərindən isə maşın-filan keçməyib".

Mərhumun Klassik Xalq Cəbhəsi Partiyası ilə əlaqəsinə gəlincə isə qohumları bu əlaqələrin ümumiyyətlə olmadığını söyləyib.

"Təxminən son beş ildə o, heç bir siyasi ilə görüşməyib. Elə bu müddət ərzində də KXCP ilə də əlaqəsi olmayıb".

Ölən kriminal avtoritetdir?

Yas mağarında danışılanlardan isə daha maraqlı məqam ortaya çıxıb. Bildirilir ki, A.Xəlilov uzun müddət Rusiyada yaşayıb və burada kriminal aləmdə sayılıb-seçilən, kifayət qədər məşhur sima olub.

Nazim Xəlilov deyib ki, qardaşı Rusiyadan təxminən yeddi il bundan öncə dönüb.

Qeyd edək ki, fevralın 4-də Aydın Xəlilovun Salyan-Şirvan yolu istiqamətində, Qaraçala kəndindəki evindən təxminən 500 metr aralıda bıçaq xəsarətləri ilə qətlə yetirilib. Əməkdaşımızın ətraflı reportajı təqdim ediləcək…

Bakı-Salyan-Qaraçala
axar.az