“Oğlumu şərləyib, 10 il iş verdilər” – Prezidentə şikayət

5 Mart 2014 13:00 (UTC+04:00)

Yardımlı rayon sakini Təyyar Ağayev oğlunun qanunsuz həbsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.

O müraciətin mətnini AzNews.az-a təqdim edib. Müraciətdə deyilir:

"Oğlum Ağayev Aftandil Təyyar oğlu VAZ-21214 markalı, 10 FC 221 dövlət qeydiyyat nişanlı avtomobili ilə mütəmadi olaraq yaşadığı Yardımlı rayonundan Cəlilabad şəhərinə sərnişin aparıb gətirməklə ailəsinə çörək pulu qazanırdı.

Lakin 05 avqust 2012-ci il tarixdə səhər saat 07:00 radələrində Cəlilabada sərnişin aparıb. Hərdəfəki kimi o sərnişinləri Cəlilabadın "Rizvan" bazarına gətirib. Həmən gün bazara gətirdiyi sərnişinlər alverçilər olub.

Sərnişinlərin gətirdikləri məhsulları bazara satmaq məqsədi ilə onlara yüklərinin daşınmasına yardımçı olub. Həmən vaxt maşının qapı və bağajı açıq vəziyyətdə saxlayıb. Oğlum geri qayıdarkən mülkü geyimli polislər onun maşınına silah olduğunu qeyd edib və minik avtomobilinə baxış keçirəcəkləri barədə ona məlumat veriblər.

Nəticədə maşının yük yerindən narkotik maddə çıxarılıb. Bundan heç bir xəbəri olmayan oğluma Lənkəran Ağır Cinayətlər Məhkəməsi CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, 02 avqust 2013-cü il tarixli hökmü ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etməsinə dair qərar çıxarıb.

Hökm açıq-aşkar qanunsuz və ədalətsiz olduğundan, iş üzrə apellyasiya şikayəti verildi və Apellyasiya Məhkəməsidə oğlumun pozulmuş hüquqlarını bərpa etmək əvəzinə ilkin hökmün dəyişdirməyərək qüvvədə saxlayıb.

Oğlumun qanunsuz həbsi ilə bağlı müraciətim əsasında Azərbaycanın baş prokuroru Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və Daxili İşlər Nazirliyinin müvafiq şəxsləri məni qəbul edib və bu məsələnin ciddi araşdırılacağını qeyd etsələr də bu günə qədər heç bir düzgün araşdırma aparılmayıb. Bunun nəticəsizliyini görüb mən ölkə başçısı İlham Əliyevə müraciət etmək məcburiyyətinə gəldim.

Bir daha dövlət başçısı İlham Əliyevə üç uşaq atası olan oğlumun böhtan əsnasında həbs olunması məsələsinin ciddi araşdırılmasında mənə yardımçı olmağını xahiş edirəm. Cinayət hadisəsinin düzgün araşdırılmasını onun göstərişi ilə aparılmasını istəyirəm".

AzNews.az