Nurçuluq və dəhşətli ədavət siyasətinin fəsadları – Baxış

5 Mart 2014 13:57 (UTC+04:00)


İslam - təriqətlər və siyasət


Təriqətlərin nəliyindən bir-iki söz

İslamda təriqətlərin olmasından demək olar ki, hamı narazıdır. Narazılıq kölgəsi Nurçuların və onların bir qolu olan Gülənçilərin hizmət (xidmət) hərəkatının da üstündə gəzir. Hərçənd mən Gülən hərəkatını (və elə bütün Nurçuluğu) təriqət adlandırmazdım. Təriqət ərəbcə yol deməkdir. İslamda təriqət ayrıca bir yoldursa, o başqa yollardan ehkam, təməl prinsipləri ilə (daha doğrusu, onların yozumu) ayrılmalıdır. Məsələn, Sələfilik başqalarından belə ayrılır. Allahın birliyini (tovhidi) onlar sünni və şiələrdən tamam başqa cür anlayırlar: Allah birdirsə, başqa heç nəyi ilahiləşdirmək, qutsallaşdırmaq olmaz. Ona görə də müqəddəslərin qəbrini ziyarət etmək Allaha şərik qoşmaqdır.

Nurçuluqda və Gülənçilikdə gəlnəksəl İslamdan fərqlənən elə bir ciddi nəsnə görmək olmaz. Onların Quran yozumu (təfsiri) yeni İslam qavrayışına gətirmir. Bu mənim təriqətlərlə ilgili bir haşiyəmdir.

Təriqətlərin qaçılmazlığı

Ancaq dedim ki, İslamda təriqət adlandırılan budaqları, qolları heç kim sevmir. Hər yerdə biz İslamın budaqlanmasını, təriqətləşməsini görürük. Di gəl hər yerdə də hər qol, hər təriqət özünü düz, o birilərini yanlış sayır.

Əş-Şəhristaninin "Dinlər və təriqətlər haqqında kitab"ı sektaları qaçılmaz bəla kimi göstərirdi: maqların 70, yəhudilərin 71 (bu, düz deyil), xristianların 72, müsəlmanların 73 təriqəti var. Daha sonra bildirirdi ki, müsəlman təriqətlərindən yalnız biri doğru olacaq. Çünki olanmaz ki, mübahisə edənlərin hamısı düz olsun.

Əş-Şəhristani bir önəmli məsələni də söyləmişdi: təriqətləşmənin başında şübhə durur. Birinci şübhə İblisdə olub, Allah ona lənət eləsin! Dekart xeyli sonralar şübhəni, quşqunu biliyin əsası sayırdı. Şəhristani isə gördük ki, şübhəni təriqətləşmə bəlasının nədəni hesab edir.

Azərbaycanda "yumruq kimi bir olmaq" sevgisi var, əsas bəlamızı birliyimizin olmamasında görürlər. Beləcə, çağdaş azəri bilinci çoxculluqdan, plyuralizmdən qorxur. Bu qorxu ilkində Platonda olub. O sayırdı ki, varlıq Bir olandan yumaq kimi açıla-açıla törəyib. Ona görə də maddi dünyada açılmış yumağın ip dolaşığı, çoxluğu var. Çoxluq olan yerdə dildişgənlik, toqquşmalar olur. Ona görə də maddi dünya pisdir.

Təxminən eyni məntiqlə dinlərdə təriqətləri pisləyənlər düşünürlər. Təriqətlər çoxluq və deməli, İslama didişmələr gətirir. Ancaq bu suçlamada problem ondadır ki, hər təriqət İslama təriqətsizlik arzulayanda özünü İslam kimi görür. Şiəlik də elədir, Sünnilik də. Halbuki tarix göstərir ki, onların heç biri bütün müsəlmanların əqidəsinə çevrilə bilmirlər.

Çıxış yolu

Bax, bundan düşüncə çıxarmaq olar. Bəlkə İslamı təriqətsiz etməmək olmursa, onların çoxluğunu qəbul etmək, onları pisləməmək düz olar?!. Belənçidə bəlkə təriqətləri pisləmək yox, təriqətlərin bir-birinə yanlış münasibətlərini pisləmək lazımdır?! Bunun üçün hər İslam təriqəti bilməlidir ki, dində gerçəyin, həqiqətin inhisarı yoxdur. Sənət növlərinin necə birini düz, o birilərin əyri saymaq olar?! Kino, teatr, musiqi hərəsi mənəviyyat məsələlərini düşünmək üçün öz dilini, öz modelini, öz kurallarını verir. Kinematoqraf üzdə bütün başqa sənət növlərindən üstün görünür. Ancaq bir də görürsən ki, böyük kinorejissor filmini musiqi biçimində qurub, deməli, kinonun dilini musiqidən aşağı sayıb.

Bax, bütün bu kimi səbəblərə görə hesab etmək olar ki, İslamda bir-birinin başını kəsən, məscidini partladan təriqət biabırçılığından qurtulmaq üçün bütün təriqətləri dinimizin zənginliyi saymaq gərəkir. Bunu pastulatlaşdırandan sonra isə hər təriqəti hansı dildə, hansı modellərdə mənəviyyatı açmasına görə öyrənmək lazımdır. Mən bir dəfə irəli sürmüşdüm ki, Şiəlik faciəvilik estetikasında ibadəti mənimsəməkdir. Bektaşilik isə gülüş dilində.

Xristianlıq İsusla bağlı faciəvilik üstündə qurulub, ancaq göz yaşları bu konfessiyada Şiəlik dərəcəsində deyil. Fətulla Gülənin moizələrində göz yaşları yüksək etki gücünə malik olsa da hər halda Sünnilikdə Şiə faciəviliyi yoxdur. Mən bu sözləri təriqətlərin və konfessiyaların ayrı-ayrı dünya modelləri kimi araşdırılmasının dəyərini göstərmək üçün söylədim.

Siyasi İslam aldanışları necə dağılır

İndi isə bəzi təriqətlərin yol verdiyi əyriliyə baxaq

Sadəlövh imanı dağıdan olaylar

İslamın paradoksu odur ki, bir çox düşmənləri, bir çox gec partlayan bombalar başqa yerə yox, məhz onun içinə qoyulub. Əslində, bu sözlər bütün dinlərə aiddir və görünür, bu, Tanrının hikmətidir. Ancaq biz bütün dinlərdən yox, öz dinimizdən danışaq.

Allah-təalanın hətta möminlərə verdiyi psixolojinin, bilincin içində belə, çoxlu gizli tətələr var. Dərin möminlik özünün imanlı olmasından özünə heyran qalıb təkəbbürlü, narsist olmaq deyil. Dərin möminlik həzrət Əli kimi din və dünya işlərində birdən yanlışa yol vermək quşqusu, şübhəsi ilə yaşamaqdır. Din məsələsində necə deyərlər "çayı üfürə-üfürə" içməkdir. Mən bu girişi onun üçün verirəm ki, siyasi İslamın mənəvi İslama vurduğu zərərlərdən danışım.

Allah-təala insan psixolojisini elə "yapıb" ki, imanın ümmanına dözəmmir və görürsən ki, ən mömin adam belə, bir də ayılır ki, Allahdan azıb gedib. Azanların bir kəsimi Allahı tapmaq üçün aza-aza gedib çıxır taquta və onu allah sayır. Başqa kəsim isə azmışlıqdan O-na qayıdır. Əski türklərin sitayiş, ibadət anlamında işlətdiyi "tapınmaq" sözü mənə bu durumu açır. İbadət Allah üçün tapılmaqdır.

İBADƏT ÖZ ITMIŞLIYINI, AZMIŞLIĞINI GÖRÜB, BILIB QAYITMAQ ÜÇÜN CƏHDLƏR (CIHAD) ETMƏKDIR.

İman cibə qoyulmuş vəsiqə deyil

Beləliklə, refleksiya edən, yəni özünü saf-çürük edən bilinc, şüur daşıyıcısı olan mömin adam bilir ki, necə onun Allaha sevgisinin, özünü yetkin iman adamı saymasının içində təhlükələr, mifoloji dildə desək, İblis əməlləri gizlənib.

Biz unutmamalıyıq ki, Allah insanla ilişgilərini ÇAŞDIRICI SONSUZLUQ üstündə qurub. Sən Onu bilməyin, Onu sevməyin, Onun buyurduqlarını etməyin bir növünü tutub gedirsən, bundan mənəvi həzz, mutluluq alırsan. Ancaq ala-ala belənçi gedəndə və bunu Allaha doğru bircə, tam düzgün yol sayanda, ona görə də başqa yollara xor baxanda həməncə Allahdan azırsan. Hətta küfrə düşürsən.

Tanrını bilməyin, sevməyin, Tanrıya bağılılğın növləri sonsuzdur, bu sonsuzluq həm çaşdırır ona görə ki, sən Ona sufii, Şiə, Sünni, Xristian yolların olduğunu biləndə bu türlülükdən çaş qalırsan. Qarşısındakı hədəflərin çoxluğundan hansına tullanmağı biməyən pələng kimi donuxub durursan.

Bu sonsuzluq həm də çaşdırır ona görə ki, bir ibadət yolunda çox qalanda başqa yollar gizlindən sənin rahatlığını dağıdır, çünki sən bir yolda qalmaqdan bezirsən. Namazı vəzifə kimi qılıb bundan öncələr olduğu qədər duyğulanmayan o qədər adam var ki. O QƏDƏR HACI VAR KI, ÇOX ZIYARƏTDƏN SONRA DAHA KƏBƏNI YOX, QARA KUBU GÖRÜR.

Siyasi İslama qarşı ən ciddi ittiham

Bu ittihamı 90-cı illərdə mən qəzetlərin birində yazmışdım: siyasət yanlış addımlar, amansız davranışlar, korrupsiya, korlanma qorxuları ilə doludur. Siyasət heç də mənfur deyil. Ancaq siyasət cərrahiyyə kimidir, o qədər qana, çirkə batır ki. Toplumun problemlərini nə ədəbiyyatla, nə fəlsəfə ilə, nə əxlaqla çözmək olar. Toplumu dərdlərdən yalnız siyasətlə sağaltmaq olar və effektli siyasət bu zaman dini mənəviyyatdan, ədəbiyyatdan, yararlana bilər. Ancaq hətta yaxşı işləri görən siyasət belə, o qədər intriqalarla, yalanlarla, bleflə doludur ki. Ona görə də deməliyik: əgər hansısa siyasi güc, hərəkat İslamı bayraq tutaraq hakimiyyətə gəlirsə, sonradan camaatın gözündə onun qaçılmaz ləkələri, suçları İSLAMIN LƏKƏSİ, İSLAMIN SUÇU OLUR (daha düzü, İslamın ləkəsi, suçu kimi görünür).

Sanki siyasilər siyasəti ona görə İslamlaşdırmaq istəyirlər ki, düzlük, birlik, mənəviyyat olsun. Sanki BİR OLAN ALLAHA bütün siyasilərin bağlanması onların bir-birinə bağlanmasının qarantı olur. Ancaq Türkiyədə AK parti ilə Fətullah Gülənçilər arasında olan dəhşətli ədavət siyasəti gözəllik naminə İslama bağlamağın bütün puçluğunu açdı. Demə, gündə namaz qılıb, vaxtında oruc tutub, savab işlərlə məşğul olmaq Ərdaoğançılarla Gülənçilərin ölkə və xalq uğrunda birliyinə dayaq, əsas ola bilmir. Ancaq əvəzində bu ədavət, - hətta Ərdoğan və Fətulla Gülən bir-birinin adlarını çəkməkdən çəkinsələr belə - onların ikisinin də sevdiyi İslamın önünü ləkəli pərdə ilə örtür. Ona görə İSLAMI SİYASİ RİNQDƏN ÜRƏKLƏRƏ ÇƏKİB AYIBLAR, QOVĞALAR MEYDANINDAN ÇIXARMAQ düz olmazmı?!

İslamda fərdiləşmə dönəmi gəlməlidir

Cümə namazı ideyası möminlərin birgəliyi üçündür. Ancaq bundan yanlış sonuclar çıxarılıb: İslam bayraq ətrafında birləşmiş ordu kimi olmalıdır. Sufilər isə yığnaqdan qırağa çəkilib üzlətdə (küncdə) ibadət edirdilər. İndi İslamın və İslam təriqətlərinin yığnaq sevgisi ilə sağollaşmaq vaxtıdır. Orduda əsgər vint, makinanın detalı kimidir. Möminlər yığnaq gücündən yox, fərdiləşməkdən enerji almalıdırlar. İslam siyasi azmanlığın yox, mənim, sənin fərdiliyimizin, ekzistensiyamızın dini olmalıdır.

AzNews.az