Partlayan binadan köçənlərə ev verilir; Nərimanovda köç şöləni- FOTOLAR

5 Mart 2014 15:04 (UTC+04:00)
İki gün əvvəl baş verən, amma "tüstüsü-dumanı" sosial şəbəkələrdən, saytlardan çəkilməyən AXCP-nin qərargahının yerləşdiyi binanın taleyi barədə yeni məlumatlar yayılır. Günün birinci yarısında eşitdik ki, həmin bina tamamilə sökülür. Bir neçə saat sonra isə həmin ərazidə başqa binaların söküləcəyinə start veriləcəyi barədə məlumatlar aldıq. Hər yayılan xəbər müxtəlif mətbuat orqanlarında bir cür yozulduğundan yollandıq sözügedən əraziyə. Hərənin "bacasından" bir cür çıxan bu partlayış "tüstü"sündən yalnız bu üsulla uzaqlaşdırmaq olardı.

***
Qısaca xatırladaq ki, binanın zirzəmisində baş verən partlayışdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) ekspert qrupu tikilinin qəzalı vəziyyətdə olduğuna dair rəy vermişdi. Bundan sonra isə aidiyyəti dövlət qurumları vətəndaşların bu binada yaşamasının mümkünsüzlüyü qənaətinə gəliblər. Bu da sakinlərin köçürülməsi, tikilinin isə sökülməsi deməkdir.

Elə biz də əraziyə gedəndə bir tərəfdən binanın söküntü işləri, bir tərəfdən də köçmə prosesi davam edirdi. Diqqət çəkən məqam o idi ki, sakinlər bu prosesi şad-xürrəm həyata keçirirdilər. Səbəbini isə... birazdan biləcəyik.

***
Nərimanov rayonu, Tələt Şıxəliyev 8 ünvanında yerləşən bu binanın əhalisinin təhlükəsizliyi ilə bağlı demək olar ki, bütün tədbirlər görülüb. Artıq binanın tavan və pəncərələri, qapıları sökülüb. Binaya gələn kommunikasiya xətləri isə ayrılıb.

Qəzalı binada mənzili olan 3 ailənin müvəqqəti məskunlaşması üçün də bütün lazımı tədbirlər həyata keçirilib. Nərimanov rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə sakinlər iki ay müddətinə kirayə evlərlə təmin edilib.

***
Partlayış nəticəsində evi qəzalı vəziyyətə düşən Rövşən Bayramov bildirir ki, 4 nəfərdən ibarət ailə üzvləri ilə burada 2 otaqlı 45 kvadrat metrlik mənzildə yaşayıb. Nərimanov Rayon İcra hakimiyyəti isə ona daha geniş mənzil söz verib: "Artıq Nərimanov rayon İcra Hakimiyyətinin vəsaiti hesabına iki ay müddətinə ev kirayələmişəm. Hazırda evin əşyalarını həmin ünvana köçürürəm. Yaxın iki ay ərzində isə rayonun "Gənclik" metro stansiyası ərazisində tikilməkdə olan binadan 70 kvadrat metrlik, zəmanətli müqavilə əsasında mənzillə təmin olunacağıq".

Digər sakinlər də yeni binada daha yaxşı şəraitdə, ən əsası isə təhlükəsiz mənzildə yaşayacaqları günə tələsirlər. Çünki sakinlərin sözlərinə görə, baş vermiş partlayışdan sonra onların evlərinə ciddi ziyan dəyib: "Sevindirici haldır ki, dövlətimiz hadisəyə tez reaksiya verdi, bizim təhlükəsizliyimizin təmin olunması üçün təcili tədbirlər həyata keçirildi. Hökumətimizin bizə qarşı olan diqqətindən və qayğısından tam razıyıq. Dövlətimiz bizə evimizin kvadratından iki dəfə artıq ev verəcək".
Sakinlər deyir ki, hər yerdə söküntü barədə məlumatlar az qala "qara xəbər" kimi təqdim olunsa da, Nərimanov sakinləri belə xəbərlərdən çox şaddırlar: "Bəzən kiminsə evinin sökülməsi haqda xəbərlər yayılır və bu xəbəri elə yozurlar ki, guya vətəndaşların haqqı bilərəkdən pozulur. Amma bizim başımıza gələn hadisə onu göstərdi ki, əksinə dövlətimiz bizim qayğımıza qalır. Binada partlayış olandan sonra nə edəcəyimizi bilmirdik. Qəzalı binada yaşamaq qorxusu həqiqətən dəhşətdir. Amma sağ olsunlar, dövlətimiz bizi bizdən yaxşı düşünür. Qışın "oğlan" çağında bayırda qalmadıq".

***
Binanın sökülməsi mənzili olan sakinlərlə yanaşı, zirəmidə qeyri-qanuni məskunlaşan iki ailəyə də "düşüb". Belə ki, rayon rəhbərliyi binaya baxış keçirən zaman onların vəziyətilə maraqlanıb və qərara alınıb ki, yeni tikilən binada həmin bu ailələrə də mənzillər verilsin.

***
Ərazidə olduğumuz vaxtda Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov və qurum nümayəndələri əraziyə gəldilər. Yaxınlaşıb, məsələ ilə bağlı rəsmi münasibət istədik. Başçının müavini qəzalı binanın sakinlərinin indiki mənzillərdən iki dəfə böyük evlə təmin ediləcəyini söylədi. Üstəlik bildirdi ki, həmin mənzillərdə sakinlərə hər bir şərait yaradılacaq.

Ş. İbadovun daha sonra dediklərində belə anlaşıldı ki, bu köçürülmə metodu rayonda az qala ənənəyə çevrilir. Onun sözlərinə görə, bundan əvvəl də rayon ərazisində belə köçürülmə halları həyata keçirilib və bu proses zamanı vətəndaşların hüquqları tam təmin olunub.
Belə ki, Nərimanov rayonu F. Xoyski, H. Əliyev, M. Əlizadə və Atatürk prospektlərində binalar sökülüb və oradakı sakinlər yeni mənzillərlə və daha geniş, hər bir şəraiti olan mənzillərlə təmin olunub: "Bu prosesdə heç bir sakin bizdən narazı qalmayıb, əksinə, geniş və yeni mənzilə görə öz minnətdarlıqlarını bildiriblər".

Ş. İbadov deyir ki, hazırda rayonun Koroğlu Rəhimov küçəsi və Heydər Əliyev prospektində bu proses davam edir: "Bu prospektə sökülən binaların sakinləri çox yaxın vaxtlarda mənzillə təmin ediləcək".

Başçının müavini bu proseslərdə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və rayonun gözəlləşdirilməsinin prioritet məsələ olduğunu da dilə gətirdi.

Amid