YAP-dan AXCP-nin ittihamlarına cavab

5 Mart 2014 15:16 (UTC+04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahının partladılması iddialarına münasibət bildirib.

Trend-in məlumatına görə, S.Novruzov jurnalistlərə deyib ki, sözügedən məsələ ətrafında söylənilən ittihamlar tamamilə cəfəngiyatdır: "Ayrı-ayrı idarə və müəssisələrdə, yaşayış mənzillərində də belə hallar baş verir ki, bu da səhlənkarlıqdan irəli gəlir. Bunlar da belə bir səhlənkarlıq edib və bu hadisə baş verib".

S.Novruzov qeyd edib ki, əslində burada məqsəd AXCP-nin özünü qorumaqdır: "Yəni qəzalı vəziyyətdə olmasınlar, qəzasız bir yer tapıb orada fəaliyyət göstərsinlər. Bir daha söyləyirəm ki, burada qeyri-adi heç nə yoxdur, sadəcə olaraq təhlükəsizlik məsələlərini həll etmək lazımdır".

Qeyd edək ki, martın 3-də AXCP-nin yerləşdiyi Bakı şəhəri Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayış baş verib. AXCP hadisənin baş verməsində hakimiyyəti günahlandırır.

AzNews.az