Yeni rektor ADİU kollektivinə təqdim edilib

5 Mart 2014 17:48 (UTC+04:00)
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru vəzifəsinə təyin olunan Ədalət Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov Ədalət Muradovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan Dövlət İqtisad Universitetinin ölkənin ali təhsil sistemində xüsusi yeri olduğunu qeyd edib, bu universitetin ölkənin iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsində vacib rolunu vurğulayıb.

Sonra universitetin yeni rektoru təyin olunan Ədalət Muradov ona göstərilən etimada görə ölkə prezidentinə təşəkkürünü bildirib, bu ali təhsil müəssisəsini yaxşı tanıdığını və ənənələri olan təhsil ocağı olduğunu nəzərə çatdırıb. O, çıxışında ali təhsilin əsas məqsədinin ölkədə insan kapitalının inkişafı, təhsilalanın müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi olduğunu qeyd edib.

Qeyd edək ki, yeni təyin olunan rektor Ədalət Muradov 1962-ci ildə anadan olub. 1990-cı ildə Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildən iqtisad elmləri namizədi, 1998-ci ildən iqtisad elmləri doktorudur. 60-dan artıq elmi və tədris-metodiki əsərin müəllifidir. 1995-1999-cu illərdə Kiyev Dövlət Universitetinin dosenti olub. Sonradan isə Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunanadək İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib.


AzNews.az