Deputatlar Mirşahinin ittihamlarına cavab verdi: “Məsələdən xəbərsizdir”

6 Mart 2014 13:05 (UTC+04:00)
Mirşahin Ağayevin "Hesabat" verilişində "Neçə illərdi Parlamentdə ilişib qalan gəlir deklarasiyası niyə millət vəkillərimizin boğazından keçmir? Şəffaf şəkildə hesabat verməyin nəyi pisdir?" fikirlərinə deputatlar reaksiya verib.


Milli Məclisin üzvü Fazil Mustafa AzNews.az-a deyib ki, Mirşahin Ağayevin bu barədə dəqiq məlumatı yoxdur. Çünki Milli Məclis qanun qəbul edib, prezident də bu qanunu imzalayıb və Nazirlər Kabinetinə çatdırıb ki, iki ay müddətində gəlir deklarasiyasının formasını təqdim etsin:

"Nazirlər Kabineti isə ilk dəfədir ki, Prezident fərmanını yerinə yetirmir. Yəni bu məsələnin məclisə heç bir aidiyyəti yoxdur. Məclis artıq bu qanunu qəbul edib. Qanunu isə Nazirlər Kabineti təsdiqləyir. Səhv etmirəmsə, bu qanun 2006-cı ildə qəbul olunub. 2006-cı ildən də indiyə qədər Baş nazir bunu təsdiq eləmir. Niyəsini isə biz bilmirik".


"Ümid" Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, əvvəlcə maliyyə amnistiyası elan olunmalıdır, sonra isə gəlir deklarasiyası qəbul olunmalıdır:

"Artıq bundan sonra hesabatlar və dövlət qurumları qarşısında şəffaf şəkildə təmin edən qanunvericilik bazası olmalıdır. Təəssüf ki, artıq neçə ildir bu məsələ öz həllini tapmır".


Millət vəkili Asim Mollazadə isə həmkarlarının dediklərinin əksinə olaraq, deputatların hesabat verdiyini bildirdi: "Dövlət strukturlarında həm icra və qanunvericilik hakimiyyətinin nümayəndələrinin deklarasiya verilməyini çox önəmli hesab edirik. Millət vəkili hər dəfə seçkilərdən əvvəl bunu verirlər və biz istəyərdik ki, hər bir dövlət strukturlarında belə şəffaflıq müşahidə olunsun".

İlqar
AzNews.az