Ukrayna hərbi hissələrinin mühasirəsi aradan qaldırılır

6 Mart 2014 13:13 (UTC+04:00)

Rusiya hərbçiləri Krımdakı Ukrayna Silahlı Qüvvələrinə məxsus hissələrin mühasirəsini aradan qaldırırlar.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri Ukrayna Müdafiə Nazirliyinin Krım Tibb Mərkəzinin rəisi Vladislav Seleznyov "Facebook" səhifəsində yazıb.

O bildirib ki, artıq Krımın Baxçasaray, Saki, Novoozer, Yevpotoriya, o cümlədən Sevastopoldakı Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrinin ərazisi və ətrafında postlar quran Rusiya hərbçiləri ərazidən uzaqlaşırlar. Bəzi hərbi hissələrdə isə ümumiyyətlə rus əsgərləri gözə dəymir.

Yalnız, Sevastopoldakı HDQ-nın baş qərargahının ətrafında dəmir və taxta dəyənəklərlə silahlanmış rusiyameyilli qüvvələri görmək olar. Dəniz istiqamətində də Ukrayna hərbi gəmilərinin yolları açılıb.

Buna baxmayaraq, Kerç, Feodesiya, Perevalnıdakı hərbi hissələrin, həmçinin "Belbəy"dəki aeroportun ətrafında Rusiya hərbçiləri nəzarəti aradan qaldırmayıblar.

Rusiya hərbçiləri Krımda Donuzlav gölünə girişdə "Oçakov" qayıq əleyhinə gəmini batırıblar. Bununla da onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin dənizə girişinin qarşısını alıblar.

Müdafiə Nazirliyi isə ehtimal edir ki, Rusiya silahlılarının blokadanı aradan qaldırması beynəlxalq müşahidəçilərin Krıma səfəri ilə bağlıdır.

Xatırladaq ki, Ukraynada baş verən hakimiyyət dəyişikliyindən sonra ölkədə milli ayrıseçkilik aparılması bəhanəsi ilə Krım Muxtar Respublikasında aksiyalar keçirilib.

Fevralın 22-dən isə əvvəlcə muxtar respublikanın parlamentinin və Nazirlər Kabinetinin binaları, sonra isə Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissələr Rusiyadan hərbi birləşmələrin mühafizəsində rusiyameyilli vətəndaşlar tərəfindən mühasirəyə alındı. Ukrayna hərbçiləri isə təxribata getmədi.

Məhəmməd
AzNews.az