Türkiyə-Suriya sərhədində humanitar fəlakət

25 Avqust 2012 20:15 (UTC+04:00)


Regnum.ru saytı Türkiyədəki vəziyyət və Suriyadan gələn qaçqınların bu ölkədə yerləşdirilməsilə bağlı məqalə yayınlayıb. Bu yazını oxuculara təqdim edirik:

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bildirib ki: "Türkiyə yüz mindən artıq suriyalını qəbul etmək iqtidarında deyil, insanları xilas etməyin başqa yollarını axtarıb tapmaq lazımdır".
Təklif olunan variantlardan biri, Suriyada xüsusi zonanın yaradılmasıdır ki, zorakılıqdan əziyyət çəkən insanlar sığına bilsinlər. Çünki vəziyyət həqiqətən acınacaqlıdır.

Suriya qaçqınlarından ibarət 14 düşərgə Türkiyədə "böyük qara dəlik" adlandırılır. Suriyalı qaçqınların yerləşdirildiyi bu ərazilər ölkənin ən az inkişaf etmiş bölgələri sayılır. Baxmayaraq ki, hökumət bu ərazilərə yatırımlar cəlb etməyə ciddi cəhdlə çalışır. Rəsmi rəqəmlərə görə, bu ərazilərdə yerləşən fabrik və zavodların 60 faizi işləmir, 20-28 yaş arası gənclərin isə hər üçündən biri işsizdir.

Hökumətin çoxmilyonlu dotasiyaları da vəziyyəti dəyişməkdə aciz görünür. Bundan əlavə bu bölgələrdə kürdlərlə yerli əhali və eləcədə polislərlə kürdlər arasında silahlı qarşıdurmalar yaşanır. Diyarbəkir şəhərində vəziyyəti nəzarətdə saxlamaq üçün daimi olaraq hökumət ağır texnika saxlamaq məcburiyyətində qalır. Yerli Türklər isə təhlükəsizliklərini qorumaq məqsədilə cənub-şərq rayonlarına köçürlər, çünki vəziyyətin hər an daha irimiqyaslı qarşıdurmaya keçməsi, ən böyük ehtimal olaraq qalır. Ötən ilin martında Suriyada qarşıdurmalar başladıqdan sonra əsasən kürdlər yaşayan Hatay, Şanlıurfa, Kilis, Qaziantep də suriyalı qaçqınları yerləşdirmək üçün çadır düşərgələri salındı.

O vaxt baş nazir Rəcəp Tayyib Ərdoğan bildirdi ki, Türkiyə zorakılıqdan əziyyət çəkən bütün insanları ölkəsində yerləşdirəcək. Baxmayaraq ki, təhlükəsizlik məqsədi ilə Suriya sərhədlərini bağlamışdı. Bütün ölkə boyu suriyalı qaçqınlar üçün yardım kompaniyasına start verildi. İstənilən şəxs yardım etmək üçün 3 və 5 dollarlıq SMS-lər göndərə bilərdilər. Türkiyəyə beynəlxalq yardımlar da edildi. Hollivud ulduzu Ancelina Coli 3 qaçqın düşərgəsinə baş çəkdi və onlara yardım məqsədilə 200 milyon dollar ianə bağışladı. Ayrılmış məbləğ qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılmasına xərcləndi və nəticəsi də oldu. Çadırlar yeniləndi, insani ehtiyacların ödənilməsi üçün yeni tikililər inşa edildi və ailələrə məişət avadanlıqları paylandı. Bununla belə, Kofi Annanın rəhbərliyi ilə aparılan BMT sülh missiyası uğursuzluğa düçar olduqdan sonra Türkiyəyə qaçqın axınında dəfələrlə artım oldu.

Türkiyə hökuməti artıq qaçqınların yerləşdirilməsi və ümumiyyətlə, prosesin nəzarətə götürülməsində çətinliklərlə üzləşdi. Türkiyə mətbuatı da vəziyyətin nəzarətdən çıxması barədə həyəcan siqnalı verdi. Qızıl Aypara Cəmiyyəti bildirdi ki, onlar artıq suriyalı qaçqınlara yardım etmək iqtidarında deyillər, çünki bu qədər qaçqının ölkəyə axın edəcəyini gözləmirmişlər. Mətbuatda çadır və qida çatışmazlığı ilə bağlı xəbərlər yayılmağa başladı. Tibbi yardıma ehtiyacı olanlar isə, həkim yetərsizliyindən lazımi qayğı ilə əhatə edilə bilmədi.
Suriyalı qaçqınlar da Türkiyə hökumətindən narazı qalmağa başladılar. Onlar bildirirdilər ki, qaçqınlar düşərgələrə göndərilməzdən əvvəl ciddi yoxlamalara tabe tutulurlar. Onlardan şəxsiyyəti təsdiq edən sənədlər tələb olunur ki, çoxları bütün sənədlərini ölkəni tərk edərkən itiriblər.

Türkiyənin də bu tədbirləri görmək üçün haqlı səbəbləri var. Ölkəyə qaçqın adı ilə terrorçular keçə və vəziyyət gözlənildiyindən də idarə olunmaz hala gələ bilər. Bəzi məlumatlara görə, düşərgələrdə narazılıq yaradan və intizama riayət etməyən qaçqınları Köybaşı kəndində yerləşən düşərgələrə yerləşdirirlər ki, orada onlara ciddi nəzarət oluna bilsin. Yerli əhalidə qaçqınlarla dili bilmədiklərindən ünsiyyətə girə bilmirlər. Çox vaxt isə ünsiyyət qarşıdurmaya gətirib çıxarır. Kürdlərlə suriyalı qaçqınlar arasında bir neçə dəfə böyük qarşıdurmalar yaşanıb ki, yalnız polisin müdaxiləsindən sonra vəziyyəti nəzarət altına almaq mümkün olub. Səbəb isə həmin ərazilərdə kürdlərin qaçqınların köçürülməsinə etiraz etməsidir. Onlar iddia edirlər ki, qaçqınlar onların onsuzda ağır olan həyatını daha da ağırlaşdırır. "Bizim iş yerlərimiz yoxdur. İnsanların gəlirləri də azdır. Qaçqınlar isə ucuz işçi qüvvəsi kimi əmək bazarında rəqabət yaradırlar. Biz istəmirik ki, onlar burada məskunlaşsınlar".

Bəzi məlumatlara görə, hazırda Türkiyədə 90 min suriyalı qaçqın var. Türkiyə isə israrla bildirir ki, onlar yüz mindən artıq qaçqın qəbul edə bilməzlər və bildirirlər ki, beynəlxalq təşkilatların nəzarəti altında Suriyada " humanitar təhlükəsizlik zonası" yaradılmalıdır ki, vəziyyətdən çıxmaq mümkün olsun.
Suriyada hökm sürən indiki vəziyyəti nəzərə alsaq , bunun mümkün olmadığı gün kimi ortadadır. Bundan əlavə Avropa İttifaqı da vəziyyəti kənardan izləməyə üstünlük verir, sərhədlərini suriyalı qaçqınların üzünə açmaq niyyətində deyil. Avropa İttifaqı hesab edir ki, suriyalı qaçqınlar vəziyyət düzəldikdən sonra ölkələrinə geri dönmək istəməyəcəklər. Bundan əlavə, onların yerləşdirilməsi üçün kifayət qədər lazımsız vəsait xərclənəcək.

Türkiyə müxalifəti də hökumətin Suriya siyasətindən narazıdır. Kamal Kılıçdaroğlu hökumətin Suriya siyasətini kəskin tənqid edənlərdəndir. O, bildirib ki, Türkiyə hökuməti yenidən düşünülməmiş addımlar atdı: "Onlar özlərini reklam edərək yanlış şəkildə hamını yerləşdirə biləcəklərini düşündülər, amma təəssüf ki, hamıya yer olmadığını indi anladılar"!

Hazırladı: Sadiq
AzNews.az