Gülənlə əlaqəsi olan deputat kimdi? - Fətullayevdən açıqlama

7 Mart 2014 13:02 (UTC+04:00)
Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfransda "Haqqın.az" saytının Baş redaktoru Eynulla Fətullayev maraqlı fikirlər səsləndirib.

O bildirib ki, 2007-ci ildə hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ona Milli Məclisin komitə rəhbərlərindən birinin Fətullah Gülənlə fotosunu veriblər:

"2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu mənə gətirdi və onu çap etməyimi istədi. Amma mən onu çap etmədim. Hesab edirəm ki, indi bu nurçuluq məsələsi təhlükəli həddədir. Vəhhabilik qədər nurçuluq da bizə yaddır. Elə Türkiyənin özünə də yaddır. Mətbuatda gedən bu yazıları təqdir edirəm. Demokratik çərçivədə mübarizə getməlidir. Ancaq dövlətin əsaslarını sarsıdacaq heç bir şeyə icazə vermək olmaz. Dövlətin rəhbərliyi tərəfindən təhlil olunmalı və müvafiq qərarlar verilməlidir".

Nurçuluqdan danışan redaktor Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşının dövlət əleyhinə olan fəaliyyətindən və jurnalistləri təhqir etməsindən də söz açıb:

"Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin bir işçisi var. Adı Heydər Mirzədir. Nurçuluqla bağlı yazılanlara görə dünən Feysbukda jurnalistlərin ünvanına belə bir ifadə işlətdi: "Cındır jurnalistlər". Nə deməkdir bu? Dövlətin strateji maraqlarını qorumalı olan bir insanın yazdıqlarına fikir verirsinizmi?"

AzNews.az