“Vahid ideoloji konsepsiyaya ehtiyac var“- Vüsalə Mahirqızı

7 Mart 2014 14:56 (UTC+04:00)
Azərbaycan postsovet məkanında dini etiqad azadlığının qanunla tənzimləndiyi azsaylı ölkələrdən biridir.

Trend-in məlumatına görə, bunu "APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan çox nadir ölkələrdəndir ki, burada məscid, sinaqoq və kilsə eyni küçədə yerləşir, hər üç dinin təmsilçiləri eyni sərbəstlik və rahatlıqla öz inanclarına aid məbədlərə gəlib, dini rituallarını, ibadətlərini yerinə yetirirlər:

"Çox təəssüf ki, bəzi hallarda həm ictimai müzakirələrdə, həm də mediada dini etiqad azadlığı ilə ayrı-ayrı sektaların dini bölücülük fəaliyyətləri qarışdırılır, zərərli missionerlik fəaliyyətinin təbliğinə yol verilir. Burada digər önəmli məsələ missionerliyin hansısa dinin, ya da sektanın təbliğatı mahiyyətindən çıxarılıb, dövlət maraqlarına toxunan, yayıldığı dövlətin təməl prinsiplərinə ziyan vuran, milli dünyagörüşün məhvinə yönələn, bəzi hallarda dövlət idarəçiliyi, dövlət quruluşu ilə bağlı dəyişikliklərin təbliğatını aparan formaya çevrilməsidir".

V.Mahirqızı deyib ki, missioner tipli təriqətlərdə əsas hədəflərdən biri də medianı nəzarətə almaqdır:

"Bu məsələnin bu gün müzakirəyə çıxarılması bizim ölkəmizin də bu təhlükələrdən xali olmadığını, kənarda qalmadığını göstərir. Müzakirə olunan məsələlərlə bağlı medianın üzərinə böyük məsuliyyət düşür.

Əvvəla, media bu istiqamətdə maarifləndirmə işi aparmalı, fərqli təhlükələrə fərqli yanaşmağı bacarmalıdır. Bundan başqa, bu təhlükələrin hər birinin doğuracağı fəsadlar, Azərbaycan cəmiyyətinə və onun gələcəyinə vuracağı zərbələr barədə maarifləndirmə işi aparmaq, hər bir təhlükəyə individual və spesifik yanaşa bilən kadrlar hazırlamaq, bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə seminarlar təşkil etmək, dərindən öyrənmədən, mahiyyətini bilmədən məsələni ictimailəşdirməmək, hansısa zərərli dini cərəyanın ruporuna çevrilməmək bu gün medianın əsas vəzifəsi olmalıdır. Məncə, bu məsələ ilə bağlı vahid ideoloji konsepsiyaya da ehtiyac var".

AzNews.az