Yaxşı ki, varsan…

8 Mart 2014 10:28 (UTC+04:00)
Özü gül olan gözəl, dərilmiş gülü neylər?
Bəxtiyar Vahabzadə

Qadın-kişi mübarizəsi bu dünyanın məntiqidir. Kişi qadına uduzduğunu hiss edən ilk andaca qolunun gücünə sığındı: zəif məxluq özündən güclüyə güzəştə getdi, kişi üstün gəldiyini düşündü və dünyanın patriarxal erası başladı.

Odu-budu, dünya kişi hegemonluğu altındadı. Doğrudanmı? İnandınızmı?

Bəs, bu güclü, böyük, ağıllı kişi niyə tarix boyu gah qadını kölə etməyə girişdi – onun səsini, haqqını əlindən aldı, gah onu çadraya bürüdü, gah məhkəmədə iki qadın şahidini bir kişi şahidliyinə bərabər tutmaqla onu aşağıladı, dövləti idarə etməyi zərif cinsin əlinə verməmək üçün kurallar, yasalar, miflər yaratdı… Niyə?

Ona görə ki, kişi bu qədər gücü, qüvvəsi, iradəsi, hikkəsi ilə qadına uduzduğunun fərqindəydi. Qol gücünə aldığını sevə-sevə, ruhu belə incimədən qadının ixtiyarına verdiyini və əslində qadın vasitəsilə idarə olunduğunu anlayırdı. Ha çalışırdı, vuruşurdu, qadağalar, qoruqlar yaradırdı, asıb-kəsirdi, gücü qadının öz zəif və zərif çöhrəsinə qədər çatırdı. Bundan sonra taqəti tükənirdi.

Amma barışmırdı…

***

Qadınlar bütün dövlətlərin hakimiyyət strukturunda, aşağı və yuxarı parlament palatalarında kökləri min ilə çatan lobbiçi fəaliyyətlərini qurublar: "əzilən cins" kimi öz haqlarını asta-asta qəbul etdirirlər, addımbaşı "gender" problemi ilə gündəmə gəlirlər. Nəticə nədir? Əslində "əzilən cins" dünyanı idarə etməklə məşğuldu.

Təkcə Yelenanın başında qurulan Troya müharibəsi bəsdir ki, dünyanın ictimai-siyasi xəritəsindən tutmuş kişinin yönləndirilməsi, idarə edilməsinə qədər hər yerdə söz sahibinin qadın olduğunu görəsən.

Amma yenə də əzilmiş olmaları iddiaları keçərli sayılır, məntiqli görünür. Çünki qadına uduzduğunu hər addımbaşı görən kişi savaşa qalxır və gücə əl atır: ağılların toqquşmasında gücə əl atmaq isə "gender" problemidi.

Qadınlar burda da haqlı!


***

Uduza-uduza yaşayan kişinin ən ağıllı qərarı, deyəsən, ötən əsrdə deyilən bir müdrik sözdə birləşib: "Hər güclü kişinin arxasında bir qadın dayanır!"

Qəbul ediləsi deyil, amma neyləyək ki, kişi bu həqiqəti etiraf etməyə məcburdu!

Axı, uduzduğunu etiraf etmək də bir kişilikdi!

***

Qadına "bu çiçək kimi təravətlisən" mesajı kişi-qadın mübarizəsində birincinin əl atdığı ən uğursuz fənddir. Çiçək qarşısında əsim-əsim əsən güc sahibi əslində qadına gül bağışlamaqla təsəlli tapmaq istəyir. Anlamı da budu: "gözəlliyinin əsiriyəm, ancaq bu müvəqqətidir, bu gülün ömrü qədər!"

Özümüzü niyə aldadırıq? Məgər bilmirik ki, qadın zərifliyinin iqtidarı çiçək təravəti boyda deyil?

Bilmirik ki, bu əsirlik ölüncədir?

Bilirik, hətta yazmışıq da: "Özü gül olan gözəl, dərilmiş gülü neylər?"

***

Nə qolda qandal, nə boyunda boyunduruq; nə baş üstə qılınc, nə şəxsi nəzarət… Sadəcə, könüllü əsirlərik.

Həm də bir ömür!

Bu ömrü əsarətdən xilas edəkmi?

Bir anlıq özünüzü azad hiss edin. Anında həyat bitəcək. Elə deyil?

"Etiraf et, arkadaş, etiraf da bir kişilik!"

- Təbrik edirəm, Qələbə günün mübarək!

"… Olmadı, əsir olduğun görünmədi"

- Yaxşı ki, varsan!..

lent.az