Snouden festivala qatıldı

11 Mart 2014 09:13 (UTC+04:00)
ABŞ Milli Kəşfiyyat Agentliyinin sabiq əməkdaşı Eduard Snouden Rusiyanın paytaxtı Moskvadan telekörpü vasitəsilə Texas ştatında keçirilən "Saut bay Sautuest" interaktiv texnologiya festivalına qatılıb.

Telekörpü zamanı Snouden Amerikanın Mülki Azadlıqlar İttifaqından hüquqşünas Ben Uiznerin suallarını cavablandırıb. Snouden çıxışı zamanı ölkənin milli kəşfiyyat agentlyinin keçmiş və indiki rəhbərlərini təndiq edib. Onun sözlərinə görə, hər iki rəhbərlik internetə zərər verib və ABŞ-ın təhlükəsizliyini riskə atıb.

"Keyt Aleksandr kimi rəsmilərin ölkənin kommunikasiya ilə bağlı müdafiə sisteminə dəyən ziyandan danışması maraqlıdır. Onun və Maykl Heyden kimi rəhbərlərin ölkənin milli təhlükəsizliyini riskə atmasına nə deməli. Ölkə iqtisadiyyatının uğurları əsasən, intelektual imkanlarımızdan asılıdır. Biz yaradır, paylaşır, əlaqələr qurur və rəqabət aparırıq. Onlar isə kommunikasiya sisteminə qarşı hücumların sayını artırıblar".

Hazırda Rusiyada siyasi sığıncaq əldə edən Snouden ölkə kəşfiyyatına məxsus çoxlu sayda gizli sənədləri ifşa etmiş və Avropa qanunvericilərinin telefonla gizli şəkildə dinlənildiyini bildirmişdi. "Qlobal Nəzarət Planları" ilə bağlı mediyaya məlumat ötürən Snouden Amerika hökumətini dünyada bölücülük siyasəti yürütməkdə günahlandırır.

Snoudenin ifşaları bütün dünyada qalmaqala səbəb olmuşdu.

Snouden çıxışının sonunda qeyd edib ki, əgər Amerikanın qanunsuz əməliyyatları ilə bağlı məxfi sənədləri ifşa etmək imkanı olsa idi, bunu yenidən edərdi.(anspress)